Bakı. Trend:
“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na dəyişiklik edilməsi "Dekstrometorfan" maddəsi olan mürəkkəb tərkibli dərman preparatlarının sahibkarlar tərəfindən ölkəyə gətirilməsindəki qadağanı aradan qaldırmağa imkan verəcək.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov dəyişikliyi şərh edərkən deyib.
O qeyd edib ki, layihədə "Dekstrometorfan" maddəsinin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısından çıxarılması, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına "başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır" qeydi ilə daxil edilməsi təklif edilir.
“Bu qeydin müəyyən edilməsi layihənin qəbul olunacağı təqdirdə "Dekstrometorfan" maddəsi olan mürəkkəb tərkibli dərman preparatlarının sahibkarlar tərəfindən ölkəyə gətirilməsindəki qadağanın aradan qaldırılmasını, əhalinin qeyd edilən dərman preparatlarına əlçatanlığını təmin edəcək”, - deyə deputat bildirib.
Qeyd edək ki, dəyişiklik Milli Məclisin aprelin 23-də keçirilən plenar iclasında müzakirə edilərək birinci oxunuşda qəbul edilib.