Bakı. Trend:
6 may 2024-cü il, Bakı – Yayın gəlişi ilə Azərbaycanın milli
aviadaşıyıcısı AZAL Avropa və Asiya şəhərlərinə uçuş proqramını
genişləndirməyi planlaşdırır və sərnişinlərinə 60-a yaxın istiqamət
üzrə uçuşlar təklif edir.
Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat
xidmətindən məlumat verilib.
Bu yay “Azərbaycan Hava Yolları” aviaşirkəti sizi Türkiyə, Rusiya,
Qazaxıstan, Özbəkistan, Gürcüstan, Pakistan və digər ölkələrin bir
çox şəhərlərinə səyahət etməyə dəvət edir.
Aviaşirkətin Avropa üzrə uçuş coğrafiyası iyun ayından etibarən
Buxarest və Sofiyaya reyslərin açılması ilə daha da genişlənəcək.
Yayda AZAL sərnişinlərinin səyahət edə biləcəyi Avropa şəhərlərinin
ümumi sayı 10-a qədər artacaq. Belə ki, səyahətçilər, məsələn,
ləzzətli yerli mətbəxdən zövq almaq üçün İtaliyaya, çimərlikdə
dincəlmək və müxtəlif bayramlarda iştirak etmək üçün İspaniyaya,
gözəl dağ mənzərələrini izləmək üçün Avstriyaya, orta əsr
qalalarını ziyarət etmək üçün Çexiyaya və bir çox digər ölkələrə
yollana bilərlər.
Aviaşirkət Qara dəniz, Aralıq dənizi və Egey dənizindəki çimərlik
kurortlarına, eləcə də Qırmızı dəniz və Fars körfəzi sahillərində
yerləşən şəhərlərə və digər mükəmməl istirahət məkanlarına çox
sayda uçuşlar təklif edir. AZAL-ın reysləri ilə sərnişinlərin
Bakıdan Barselona, Batumi, Soçi, Trabzon, Antalya, Dalaman, Bodrum,
İzmir kimi heyrətamiz yerlərə, həmçinin Dubay, Tivat, Bəhreyn və
gözəl çimərlikləri və maraqlı görməli yerləri olan dünyanın digər
şəhərlərinə səfər etmək imkanı var.
Yeni mədəniyyət və ənənələrə qərq olmaq istəyən səyahətçilər
aviaşirkətin Pekin, Mumbay, Nyu-Dehli, İslamabad, Kəraçi və ya
Lahor kimi istiqamətləri üzrə səyahət edə bilərlər.
Bu ilin yay cədvəli çərçivəsində, xüsusən də məşhur beynəlxalq
marşrutlarda, uçuşların tezliyinin əhəmiyyətli dərəcədə artırılması
səyahətlərin planlaşdırılmasında rahatlığı təmin edəcək. Uçuş
tezliklərinin artacağı istiqamətlərə Berlin, Moskva,
Sankt-Peterburq, Ufa, Soçi, Antalya, İzmir, Trabzon, Bodrum,
Tel-Əviv, Kişineu, Almatı, Batumi, Pekin, Sofiya, Tivat, Dammam,
Dehli, Mumbay və s. daxildir.
Qeyd edək ki, 2022-ci ildə “Azərbaycan Hava Yolları” aviaşirkəti
yay cədvəli çərçivəsində 27 istiqamət təklif edib, 2023 və 2024-cü
illərdə bu göstərici 2 dəfədən çox artaraq müvafiq olaraq 55 və 58
istiqamətə çatıb.
AZAL-ın bu yay beynəlxalq istiqamətlər üzrə ən çox reys həyata
keçirəcəyi şəhərlər siyahısında ilk beşlikdə İstanbul, Antalya,
Moskva, Dubay və Tbilisi yer alır.
AZAL ilə unudulmaz anlar yaşamaq fürsətini qaçırmayın! Aviaşirkət
tələbatın yüksək olduğu yay aylarında – tətil və məzuniyyət
dövründə səyahət xərclərinə qənaət etmək üçün səfərinizi əvvəlcədən
planlaşdırmağı tövsiyə edir.
Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün
aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala, mobil tətbiqinə
daxil ola, eləcə də AZAL-ın kassalarına və akkreditə olunmuş
agentliklərinə müraciət edə bilərsiniz.