Bakı. Trend:
AYNA Bakı-Quba yolunun Ceyranbatan ərazisindən keçən hissəsində baş verən qəza ilə bağlı açıqlama verib.
Qurumdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ilkin məlumata əsasən, Bakı-Sumqayıt ekspres avtobusu 42 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusla toqquşub.
"Hadisə nəticəsində 42 nömrəli avtobus aşıb, avtobusda olan 1 sərnişin vəfat edib, xəsarət alanlar var. Hadisənin təfərrüatları araşdırılır.
Qeyd edək ki, Bakı-Sumqayıt ekspres avtobusunun sərnişinləri arasında ölən və xəsarət alan olmayıb", - məlumatda deyilir.
Xatırladaq ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.