Bakı. Trend:
Birinci Qarabağ müharibəsində itkin düşən və uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmovun nəşinin qalıqları paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Trend xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılınıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiətilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Qeyd edək ki, Rüstəmov Tərlan Kamal oğlu 1974-cü il mart ayının 21-də Lerik rayonun Şivlə kəndində anadan olub. O, 1992-ci ildə Ağdam rayonu istiqamətindəki hərbi əməliyyatlarda iştirak edib və 1992-ci ilin sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.