Bakı. Trend:
Səhiyyə Nazirliyi Bakı Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı alkoqol asılılığı ilə bağlı müsahibə verib.
Trend müsahibəni təqdim edir:
- Fidan xanım, ilk öncə bilmək istərdik ki, alkoqol asılılığı və onun əlamətləri nələrdir?
- Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, alkoqolizm spirtli içkilərin təkrarlanan formada və davamlı olaraq qəbul edilməsi nəticəsində meydana gələn sui-istifadə halıdır. Alkoqol asılılığı dedikdə, sözü gedən əlamətlərin ən azı ikisinin 12 ay və daha artıq müddətə özünü göstərməsi nəzərdə tutulur. Bu əlamətlər sırasına istifadə etmə kontrolunun itirilməsi, spirtli içki istifadəsini dayandırmaq və ya nəzarətdə saxlamaq üçün daimi bir istək və nəticəsi olmayan cəhdlərin olması, spirtli içki qəbuluna digər fəaliyyətlərdən daha çox zaman ayırılması faktları aiddir. Bundan əlavə, evdə, iş yerində və ya təhsil müəssisəsində üzərinə düşən məsuliyyətlərin yerinə yetirə bilinməməsi, ortaya çıxan zərərlər və mənfi nəticələr olmağına baxmayaraq, güclü istifadə istəyinin olması, spirtli içkilərin getdikcə öz təsirini itirməsi də asılılıq əlamətləridir.
Digər əlamətlər isə nəzərdə tutulandan daha artıq və ya uzun müddətli alkoqol qəbulu halları, bunların təkrarlanması faktları, spirtli içkilərin istifadəsi nəticəsində ortaya çıxan və ya onların istifadəsi ilə artan davamlı şəxslərarası problemlərin olmasıdır. Buna baxmayaraq təhlükəli vəziyyətlərlə nəticələnə biləcək situasiyalarda alkoqol istifadəsi, alkoqol istifadəsinin dayandırılması və ya azaldılması zamanı özünü göstərən abstinent sindrom – kəsilmə sindromu əlamətlərinin olmasıdır.
- Alkoqolun fiziki və psixoloji fəsadları hansılardır?
- Spirtli içkilərin tərkibində psixoaktiv və toksik maddə olan,
asılılıq formalaşdıran etanol mövcuddur. Alkoqollu içkilərin
istifadəsinin bir çox xəstəlik və təhlükəli situasiyalarla əlaqəli
olması danılmaz bir faktdır.
Belə içkilərin qəbulu qaraciyər, ürək-damar, QİÇS və vərəm kimi
yoluxucu xəstəliklərin ortaya çıxması riskini artırır.
Spirtli içki qəbulunun psixi təsirləri kimi depressiya, təşviş
pozuntusu, psixoz və antisosial davranış pozuntuları misal
göstərilə bilər.
- Alkoqol asılılığının digər asılılıqlarla nə kimi əlaqəsi var?
- Spirtli içki istifadəçilərinin bir çoxu tütün məhsullarından
da istifadə edir və ya əksinə. Miçiqan Universitetinin
araşdırmasına görə alkoqol asılılığı olan insanların digər
psixoaktiv maddə və dərman vasitələrindən istifadə etmə ehtimalı
spirtli içki istifadə etməyənlərə nisbətən 18% daha yüksəkdir.
Digər bir araşdırma göstərir ki, yeniyetmə və gənclər arasında
spirtli içki və tütün məhsullarından istifadə edən şəxslərə daha
ağır psixoaktiv maddə istifadəsinin təklif edilməsi faktı daha
yüksəkdir.
Spirtli içkilərin psixoaktiv maddələrlə istifadəsi çox ağır fiziki,
psixi və davranış pozuntuları ilə nəticələnə bilər.
Həmçinin, soyuqdəymə və qrip əleyhinə dərmanların spirtli içkilərlə
birlikdə qəbulu qaraciyər üçün ağır fəsadlara səbəb olur.
- Spirtli içki istifadəsinin sosial həyat və cəmiyyət üçün fəsadları nələrdir?
- Spirtli içkilərdən istifadə insanın sosial həyatı üçün ciddi
fəsadlara səbəb olur. Alkoqol asılılığı zamanı insan gündəlik
məsuliyyətlərini yerinə yetirə bilmir. Bu, onun ailə və yaxın çevrə
ilə münasibətlərinə ziyan vurur. Eyni zamanda, iş yerində və təhsil
müəssisələrində ciddi problemlərə səbəb olur. İşinin itirilməsi həm
öz, həm də ailə üzvlərinin iqtisadi durumuna təsir göstərir.
Alkoqol sadəcə istifadə edən şəxsə deyil, ümumilikdə cəmiyyətə də
ziyan vurur. Bundan başqa, spirtli içki təsirində olarkən, yıxılma,
boğulma, intihar cəhdləri də ortaya çıxır. Alkoqol istifadəsi
aqressiv davranışlara səbəb olmasa da, bəzi insanlarda zorakılıq
davranışları ehtimalını artırır. Spirtli içki istifadəsi normal
beyin fəaliyyətini pozur, beyində qərarvermə və impulsların
idarəedilməsi ilə əlaqəli olan hissələrin normal funksionallığına
mane olur. Koqnitiv funksiyalar pozulduğuna görə insan problemləri
həll etmə, aqressiyanı idarəetmə, düzgün qərar vermə proseslərini
yerinə yetirə bilmir. Spirtli içki təsirində olarkən davalar,
mübahisə faktları ortaya çıxa bilir, qanun pozuntuları meydana
gəlir.
Bununla yanaşı, ailə strukturuna da spirtli içki istifadəsinin
mənfi təsiri var. Valideynlərlə, həyat yoldaşı ilə yaşanan
gərginliklər və mübahisələr ailələrdə problemlər ortaya çıxarır və
nəticədə boşanmalar baş verir. İstifadəçi valideyndirsə, uşaqların
qayğısı və tərbiyəsi ilə məşğul ola bilmir.
- Alkoqol asılılığının əmələ gəlmə səbəbləri hansılardır?
- Uzun müddətli alkoqol istifadəsi beyində dəyişikliklərə səbəb
olur və nəticədə asılılıq meydana gəlir. Hər bir fərd üçün spirtli
içkilərin təsiri eyni deyildir. Genetik, fiziki, psixoloji və
sosial faktorlar alkoqol sui-istifadəsində rol oynayır. Genetik
faktorlar insanın alkoqol asılılığına daha meyilli olmasına səbəb
ola bilər. Burada öyrənilən davranışların da rolu var.
Bəzi insanlar impulsiv davranışlar, aşağı özünə inam, özünü
təsdiqləmə ehtiyacı kimi səbəblərə görə spirtli içkilərdən istifadə
edir. Emosional problemlər, həyatında baş verən çətinliklər,
zorakılıq faktları və s. alkoqol sui-istifadəsi ilə nəticələnə
bilir. Bəzi psixi problemləri olan insanların da spirtli içkilərə
üz tutması faktları müşahidə olunur.
Yadda saxlamaq lazımdır ki, az miqdarda olsa da, spirtli içkinin
hər zaman mənfi təsirləri var və hər bir fərd üçün bu təsirlər
fərqlidir.
- Xüsusi risk qruplarına kimlər daxildir?
- Beyin inkişafı davam etdiyinə və qərarvermə hissəsi hələ tam
formalaşmadığına görə, yeniyetməlik yaşlarında başlayan istifadə
daha təhlükəlidir. Belə ki, 18 yaşından əvvəl spirtli içki istifadə
edən insanların daha sonrakı həyatında asılılıq formalaşdırması
ehtimalı digərlərinə nisbətdə daha çoxdur.
Eyni zamanda, bu dövrdə başlanan istifadə gənclərin gələcək
həyatlarının formalaşdırması zamanı da ciddi maneələr yarana bilər.
İmpulsiv davranışlar, özünü təsdiqləmə və fərqlənmə ehtiyacı, çevrə
və s. faktorlar yeniyetmə və gənclərin spirtli içki, tütün
məhsulları və daha ağır psixoaktiv maddələrə əl atmasında rol
oynayır.
Hamiləlik dövründə spirtli içki istifadəsi də çox risklidir. Bu,
inkişaf gerilikləri və anadangəlmə davranış və düşüncə qüsurları
ilə xarakterizə olunan fetal alkoqol sindromu ilə nəticələnə bilər.
Bununla yanaşı, hamiləlik zamanı alkoqol istifadəsi erkən doğuş və
düşük riski ehtimallarını da artırır.
- Alkoqoldan sui-istifadə problemi olan insanlara necə kömək göstərmək olar?
- Spirtli içki istifadəçiləri və onların yaxınları stiqmalar və
utanc hissi səbəbi ilə bəzi hallarda bunu gizlədir və ya müalicə
mümkün olmadığını düşünə bilirlər. Əslində isə müxtəlif yanaşma və
üsullarla bu insanlara kömək göstərmək mümkündür. Müalicə prosesi
individualdır və xəstənin vəziyyəti və ehtiyaclarına
uyğunlaşdırılır. Detoksifikasiya, reabilitasiya, fərdi və qrup
terapiyaları, dəstək qrupları, resosiolizasiya kimi mərhələrlə
asılılıqdan uzaqlaşmaq və normal yaşamı yenidən bərpa etmək
mümkündür.
Yalnız istifadəçinin özünə deyil, ailəsi və yaxın çevrəsinə də
yardım etmək lazım olur. Bu problem ailə üçün də olduqca stresli
ola bilər.
Sağlam həyat tərzi vərdişlərinə yiyələnmək - düzgün qidalanma, yuxu
rejimi, idman və fiziki aktivlik, asudə vaxtın səmərəli
dəyərləndirilməsi asılılıq və zərərli vərdişlərdən qurtarmaq
istəyən insanlar üçün olduqca vacibdir.