...

Üzərinə həbs qoyulan əmlakla bağlı qaydaları Nazirlər Kabineti təsdiqləyəcək

Cəmiyyət Materials 14 Fevral 2025 12:11 (UTC +04:00)
Üzərinə həbs qoyulan əmlakla bağlı qaydaları Nazirlər Kabineti təsdiqləyəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Üzərinə həbs qoyulan əmlakın qanunla müəyyən edilən hallarda və qaydada idarə edilməsi ilə əlaqədar tədbirlər görülə bilər.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, məcəlləyə bu məzmunda 152.8-1-ci maddəsi əlavə ediləcək.

Həmçinin, qanun layihəsi üzərinə həbs qoyulan əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minəcək.

Məlumat üçün bildirək ki, qanun layihəsi “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Adıçəkilən qanunla üzərinə həbs qoyulan əmlakın saxlanılması, əmlaka qulluqla əlaqədar tədbirlərin görülməsi, eləcə də həmin əmlakın idarə edilməsinin (əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi) hüquqi bazasının təkmilləşdirilməsi həyata keçirilib. Eyni zamanda üzərinə həbs qoyulan əmlakın idarə edilməsinin halları və qaydasını nəzərdə tutan Cinayət-Prosessual Məcəlləsinə yeni 253-1-ci maddə əlavə edilib. Həmçinin bu məsələlərin ətraflı tənzimlənməsi zərurətini nəzərə alaraq üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları da Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.

Bu dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda üzərinə həbs qoyulan əmlakın dəyərinin itirilməsinin qarşısını almağa, son nəticədə əmlak mülkiyyətçisinin mülkiyyət hüquqlarının qorunmasına xidmət edir.

Üzərinə həbs qoyulan əmlakın idarə edilməsi ilə əlaqədar tədbirlər mülkiyyət hüququnun məzmunu ilə bağlı olduğundan Mülki Məcəlləsyə müvafiq dəyişiklik təklif olunur.

Qanun layihəsinin Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların müəyyən edildiyi gündən qüvvəyə minməsi nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti