Bakı. Trend:
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin məhkəmə hazırlıq prosesi keçirilib.
Trend xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib və məhkəmənin qapalı keçirilməsi ilə bağlı qərar qəbul verilib.
Buna səbəb kimi iş üzrə dövlət sirrini təşkil edən məlumatların olması bildirilib.
Məhkəmənin baxışa verilməsi qərara alınıb.
Proses martın 19-da davam etdiriləcək.
Qeyd edək ki, Ədalət Verdiyev 2024-cü ilin noyabr ayında saxlanılıb.
Baş Prokurorluğun yaydığı məlumatına görə, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı ötən il noyabrın 22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.
Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. İstintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş media-turda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.