Bakı. Trend:
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanın kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə dəstəyi gücləndirir.
Trend xəbər verir ki, bunu FAO-nun Baş direktorunun köməkçisi, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Qutu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirib.
O, FAO ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arasında aqrar sektora texniki dəstəyin gücləndirilməsi və sudan dayanıqlı istifadəyə hədəflənmiş strateji əməkdaşlıq haqda yeni sazişin imzalandığını bildirib.
Saziş FAO ilə Azərbaycan arasındakı uzunmüddətli tərəfdaşlığın ikinci mərhələsini açır. Viorel Qutunun sözlərinə görə, texnoloji məsələlərin həlli, fermerlərin dəstəklənməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş proqramın ilk mərhələsi uğurla həyata keçirilib.
“Biz proqramın ikinci mərhələsi üzrə danışıqlar aparırıq. Burada texniki dəstəyimiz, o cümlədən kənd təsərrüfatı, su və ərzaq təhlükəsizliyi sahəsində, daha da gücləndiriləcək”,- deyə o bildirib.