...

Azərbaycanın dini qurumlarla iş üzrə Dövlət komitəsi "Yeni xəbər" qəzetində nəşr olunan məqalə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

Cəmiyyət Materials 14 Fevral 2006 18:06 (UTC +04:00)

Azərbaycanın dini qurumlarla iş üzrə Dövlət komitəsi (DQİDK) "Yeni xəbər" qəzetində nəşr olunan məqalə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. DQİDK-də Trend ə bildirilib ki, dövlət komitəsi orqanlardan müvafiq araşdırmalar aparılmasını və müqəddəs sayılan Həzrəti Məryəm və İsa Peyğəmbərin ünvanına təhqiramiz ifadələrin dərc olunduğu "Vəhşi Qərbin Şərqə hücumu" adlı məqalənin müəllifinin mövqeyinə hüquqi qiymət verilməsini xahiş edib.

Məqalədə xristian dininin bu müqəddəsləri heç bir əsas olmadan təhqir olunur, dinlərarası nifaq yarada biləcək fikirlər səsləndirilir, xristian dininə qarşı kəskin ittihamlar irəli sürülür. Dövlət komitəsi qeyd edir ki, bu fikirləri həm Azərbaycan qanunlarına, həm beynəlxalq konvensiyalara, həm də bizim əxlaq normalarımıza kobud təcavüz kimi qiymətləndirmək olar.

Dövlət komitəsi hesab edir ki, bu ifadələr onsuz da Şərqlə Qərb arasında yaranmaqda olan qarşıdurmanın daha da genişlənməsinə və Azərbaycanın beynəlxalq aləmdəki imicinə zərbə vurmaq işinə xidmət edir.

Azərbaycanın dini qurumlarla iş üzrə Dövlət komitəsi yazıda işlədilən təhqiramiz ifadələri, eləcə də bir sıra qərb qəzetlərinin Həzrəti Məhəmmədin karikaturalarını çəkməyini bir daha pisləyir, mətbuatda dinlərarası qarşıdurma yarada biləcək yazıların nəşrinin yolverilməz olduğunu bildirir.

Xəbər lenti

Xəbər lenti