Aprelin 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Çernobıl faciəsinin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Trend in məlumatına görə, toplantıda Prezident Aparatının, Əlilləri Müdafiə Fondunun, Pensiya Fondunun və başqa dövlət və qeyri-hökumət orqanlarının nümayəndələri, həmçinin Ukraynanın Azərbaycandakı səfiri iştirak edib.
Məlum olduğu kimi, 1986-ci ildə baş vermiş Çernobıl faciəsi BMT tərəfindən XX əsrin ən böyük faciəsi elan edilib. Bununla əlaqədar dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da faciənin ildönümü qeyd olunur.
Həmkarlar İttifaqları Konfederasiyasında keçirilən tədbirdə 20 il əvəl baş vermiş faciə, onun qurbanları, son 20 ildə Azərbaycanda Çernobıl əlillərinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışılıb. Çernobıl Əlilləri İttifaqının vitse-prezidenti Eldar Sultanov bildirib ki,
aprelin 24, 25 və 26-da Azərbaycanın hər bir rayonunda icra hakimiyyətlərinin köməyi və təşkilatçılığı ilə Çernobıl faciəsinin 20-ci ildönümü ilə bağlı tədbirlər keçiriləcək. Həmçinin Bakının 11 rayonunda, Sumqayıtda da icra hakimiyyətlərinin dəstəyi ilə ildönümlə bağlı müxtəlif tədbirlər təşkil olunacaq.
Konfederasiyada keçirilən tədbirin sonunda bir qrup Çernobıl əlilinə və 20 ildə onların problemlərinin həlli, hüquqlarının qorunması sahəsində işlər görmüş şəxslərə - icra hakimiyyətləri, bələdiyyə nümayəndələrinə, QHT rəhbərlərinə fəxri fərmanlar verilib. Tədbirdə həmçinin Qarabağ müharibəsi iştirakçıları, döyüşçüləri, Qarabağ və 20 Yanvar faciəsi əlilləri təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım da göstərilib. 400-ə yaxın əlilin hər birinə yüz min manat (köhnə pulla) həcmində pul verilib.