Mayın 23-də Gürcüstanın təhsil və elm naziri Aleksandr Lomaya gürcülər və inqiloyların yaşadığı Qax rayonuna baş çəkəcək. Gürcüstanın Təhsil və Elm Nazirliyindən Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, nazir yerli məktəblərə hədiyyə olaraq 4 330 dərslik və dəftərxana ləvazimatları verəcək.
Nazirlə birlikdə regiona gürcü yazıçıları Zaala Samadaşvili və Mamuka Xerxeulidze də yola düşüb.
Nazirlikdən verilən məlumata görə, A.Lomaya Balakən, Qax və Zaqatala rayonlarında 12 gürcü məktəbinə baş çəkəcək. Bu rayonlarda 15 min nəfərədək gürcü yaşayır. 12 məktəbdə isə 388 müəllimin rəhbərliyi altında 2 345 uşaq təhsil alır.
Qeyd etmək lazımdır ki, 2004-cü ildə nazir Azərbaycanda olmuş və gürcü məktəblilərinə 15 000 dərslik, 70 əyani vəsait və kitabxanalar üçün bədii ədəbiyyat vermişdir.
Nazirlikdən Trend ə verilən məlumata görə, Azərbaycandakı gürcü uşaqlar üçün iki illik proqram həyata keçirilir. Bu proqram çərçivəsində onlar yayda Borjomi kurortunda dincəlir.