İyunun 28-də Heydər Əliyev adına müasir təhsil kompleksinin akt zalında Misir Ərəb Respublikası səfirliyinin nəzdindəki Mədəniyyət mərkəzinin xahişi ilə görkəmli Misir musiqiçisi Məhəmməd Əbd Əl Vəhabinin xatirəsinə həsr olunmuş "Şərq musiqisi gecəsi" keçiriləcək.
Trend in xəbər verdiyi kimi, konsertdə respublika gənc ifaçılar müsabiqəsinin qalibi Rüfət Həsənov (tar), respublika müsabiqələrinin mükafatçısı Mehri Əsədullayeva (kamança), respublika pianoçular müsabiqəsinin laureatı Elnarə Məcidova, Təşkilat Nəsirov (xanəndə) və Əlipaşa Talıbov (nağara) iştirak edəcək. Konsertdə Londonda yaşayan iraqlı musiqiçi Seyfəddin Çaxmaçıoğlu (Kərküklü) həm udda çalacaq, həm də Təşkilat Nəsirovla "Segah" muğamını ifa edəcək.
Gecənin proqramına Azərbaycan, ərəb və Qərbi Avropa bəstəkarlarının (R.Hacıyeva, Əzizə Əl Şevana, C.Verdi) əsərləri ilə yanaşı, ərəb xalq mahnıları və Azərbaycan muğamlarının da ifası daxildir.