Oktyabr ayının ilk ongünlüyündə Azərbaycanda vakant hakim vəzifəsinə seçilmək üçün uğur qazanmış 55 namizəd yekun müsabiqədən keçəcək. Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev məlumat verib.
"Bu mərhələni də uğurla keçəcək namizədlər artıq prezidentin fərmanı ilə hakim vəzifələrinə təsdiqlənəcəklər" - deyə İ.Nağıyev bildirib.
Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və görülən tədbirlər çərçivəsində 2005-ci ilin sentyabr ayında vakant hakim vəzifələrinə keçirilmiş test imtahanında 884 namizəd uğur qazansa da, imtahanın sonrakı mərhələlərində bu rəqəm 55-ə enib.
Bu rəqəm məhkəmələrdə hakim kadrlarına olan ehtiyacı təmin etmədiyi üçün 2006-cı ildə yeni sənəd qəbulu elan edilib və artıq sonuncu sənəd qəbulu ilə bağlı imtahanın ilk mərhələsi baş tutub.