...

Hacı Məmmədovun banda üzvü adam oğurluqlarına "əməliyyat işi" kimi gedirmiş

Cəmiyyət Materials 9 Oktyabr 2006 14:28 (UTC +04:00)

Oktyabrın 9-da Hacı Məmmədovun məhkəməsində təqsirləndirilən Rövşən Ağayev prokurorların suallarını cavablandırarkən bildirib ki, banda başçısı hər dəfə üzvlərə adam oğurlatdırarkən bunu əməliyyat işi kimi qələmə verib. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Təqsirləndirilən şəxs bir sıra qətllərlə və adam oğurluqları ilə bağlı ona qarşı irəli sürülmüş ittihamların əksəriyyətini məhkəmədə təsdiqləməyib. O, yalnız bandanın çeçen üzvləri olmuş Boris Ayyubovla Şirxan Albiyevin qətlində qismən iştirak etdiyini bildirib.

"Hacı Məmmədov bizə tapşırmışdı ki, Boris Ayyubovu onun yanına aparaq, ancaq onu öldürəcəyini deməmişdi. Nizami Abdullayevlə mən əvvəlcə Borisi Hacıya məxsus qaraja gətirdik, orada əl-ayağını bağladıq və başına torpa keçirib Nailə Quliyevaya məxsus evə gətirdik. Hacı orada bizi gözləyirdi. Biz maraqlananda ki, Borislə nə söhbəti var, bildirdi ki, əməliyyat işi ilə əlaqədardır. Ümumiyyətlə o, adam oğurluqlarında "əməliyyat işi ilə əlaqədardır" ifadəsini tez-tez təkrarlayırdı" - deyə təqsirləndirilən şəxs bildirib.

R.Ağayev həmçinin qeyd edib ki, o, Hacı Məmmədovun ailəsinin sürücüsü kimi fəaliyyətə başlayarkən Ramilə Hacıyeva adlı qadının oğurlanmasında da iştirak edib. "Ancaq özüm də bilməmişəm ki, Hacı qadını oğurlayır. Çünki Hacı mənə demişdi ki, qadının götürülməsi sırf əməliyyat işidir. Bayıl yoluna çatanda isə Hacıdan göstəriş gəldi ki, qadının oğurlanmasında istifadə etdiyimiz maşının nömrələrini dəyişim" - deyə R.Ağayev məhkəmənin nəzərinə çatdırıb.

Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti