...

Qubada aşkarlanan kütləvi məzarlıqlarla bağlı Azərbaycanın Baş Prokurorluğuna müraciət edilib

Cəmiyyət Materials 17 Aprel 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan parlamentinin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Quba şəhərində aşkar edilən kütləvi məzarlıqlarla bağlı Respublika Prokurorluğuna müraciət edib. Bu barədə çərşənbə axşamı Rüstəmxanlı məlumat verib.

Rüstəmxanlı bu faktın araşdırılması və Respublika Prokurorluğunda cinayət işinin açılmasını təklif edir. O, əlavə edib ki, belə toplu məzarlıqlar bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının Yayıcı kəndində və Neftçala rayonunda da aşkar edilib.

"Azərbaycanın Cinayət Prosessual Məcəlləsinin 209.2.2-ci maddəsinə əsasən, insanların kütləvi həlak olması əlamətləri aşkar edildikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşkar edilmiş fakt üzrə dərhal cinayət işi başlamalıdır. Ümid edirəm ki, fakt üzrə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən cinayət işinin başlanılması təmin ediləcək və həmin hadisə üzrə tam, obyektiv və hərtərəfli araşdırmalar aparılması təmin ediləcək" - deyə deputat müraciətində bildirib.

Azərbaycanın Quba şəhər stadionunun bərpası ilə əlaqədar aparılan qazıntı işləri zamanı çox sayda insan meyidinin qalıqları aşkar edilib. Mütəxəssislərin verdiyi rəyə görə, aşkarlanmış insan qalıqları üzərində zorakılıq əlamətləri mövcuddur və bu insanlar vəhşiliklə qətlə yetiriliblər, öldürüldükləri şəkildə də onların üstü torpaqla basdırılıb. Tarixçilər və mütəxəssislər bu məzarlıqların 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın tərkib hissəsi olduğunu güman edirlər.

Xəbər lenti

Xəbər lenti