...

Kürün səviyyəsinin qalxması nəticəsində Salyanda 200-dən artıq evi su basıb

Cəmiyyət Materials 21 May 2007 11:35 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Araz çayında baş verən daşqınlar, intensiv yağışların yağması və qarın əriməsi nəticəsində Kür çayının Azərbaycan hissəsinin aşağı axarlarında suyun səviyyəsi daha 14 santimetr artıb. Hazırda Kürün səviyyəsi 3 metr 90 santimetr qalxıb və saniyədə 1660 kubmetr su keçir. Trend in bölgə müxbirinin məlumatına görə, Salyanın Kür boyu ərazilərində qrunt suları 200-dən artıq evi basıb.

Kür-Araz çaylarında Bəndlərin Möhkəmləndirilməsi İdarəsinin Salyandakı sahə rəisi Məhərrəm Əliyevin bazar ertəsi verdiyi məlumata görə, artıq rayonun 20 yerində sahil bərkitmə işləri görülür. Rayonun Qratmangəncəli kəndində qoruyucu bəndlərdə su sızması başladığından enləndirmə və bərkitmə işləri aparılır.

Salyan Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Mirəzim Ağayev isə bildirib ki, həyətlərə yığılmış qrunt suları antisanitariya mənbəyi yaradıb. Onun sözlərinə görə, dezinfeksiyaedici preparatlar toz halında olduğundan, qrunt suları çəkilməmiş onlardan istifadə edilməsi effekt verməyəcək, həmçinin digər fəsadlar törədə biləcəyindən, təlimata görə onların su ilə qarışması qadağandır. Hazırda mərkəz tərəfindən Kür daşqınlarına məruz qalmış həyətlərin siyahısı hazırlanır.

Kürün aşağı hissəsində suyun səviyyəsi ən çox 2003-cü ildə qalxıb. Həmin il Kürdə saniyədə 1800 kubmetr su keçib.

Salyan paytaxt Bakıdan 115 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti