Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasi (TQDK) 2007-2008-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinin magistratura pilləsinə sənəd qəbulu elan edir. Bu barədə bazar ertəsi TQDK-dan məlumat verilib.
Magistraturaya sənədlərin qəbulu internet vasitəsilə iki mərhələdə aparılır. Birinci mərhələdə bakalavr "TQDK-nın ödəmə kartı"nı əldə edir, kartın seriya nömrəsi və PİN kodundan istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsınə daxil olur və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur.
İkinci mərhələdə bakalavrlar "elektron ərizə"lərini rəsmiləşdirmək üçün ali məktəblərdə TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etməlidirlər. "Bakalavrın elektron ərizəsi"nin rəsmiləşdirilməsi iyunun 6-dan 15-dək saat 9-dan 18-dək aparılır. Ali məktəblərin bu ilki məzunları elektron ərizə ilə bağlı sənədlərini bitirdikləri ali məktəbdə yaradılmış SQK-ya təqdim etməlidirlər. Əvvəlki illərin məzunları isə "Bakalavrın elektron ərizəsi"ni rəsmiləşdirmək üçün qəbul olmaq istədikləri ali məktəblərdən birində olan komissiyaya müraciət etməlidirlər. Xarici ölkələrdə ali təhsil almış şəxslər isə TQDK-da yaradılmış SQK-ya müraciət etməlidirlər.