...

YAP sədrinin müavini: "Azərbaycan mətbuatı ağır durumdadır"

Cəmiyyət Materials 11 İyun 2007 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan mətbuatı ağır durumdadır. Bu barədə bazar ertəsi Bakıda hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, millət vəkili Əli Əhmədov bildirib.

Onun fikrincə, ciddi şəkildə təhlil edilsə məlum olar ki, Azərbaycan mətbuatının belə bir ağır duruma düşməsinin günahı mətbuatın özündədir.

"Azərbaycan hökuməti ölkədə söz və mətbuat azadılığı üçün lazım olan bütün imkan və şəraiti yaradıb", -deyə hakim partiyanın rəsmisi vurğulayıb.

Millət vəkili bildirib ki, buna baxmayaraq bir sıra mətbu orqanlar söz və mətbuat azadlığı anlayışının mənasını təhrif edir. Bunun nəticəsində isə Azərbaycanda söz və mətbuat azadlığı söz və mətbuat özbaşınalığına çevrilib.

Əhmədov qeyd edib ki, bir sıra mətbu orqanlar özlərinin müstəqil olduqlarını elan etsələr də, əslində ayrı-ayrı siyasi partiyaların həyata keçirmək istədikləri, lakin buna nail ola bilmədikləri məqsədlərə xidmət edirlər: "Bunun nəticəsində isə bəzi mətbu orqanlar siyasi təşkilatlar kimi fəaliyyət göstərirlər. Bunun nəticəsində mətbuatda böhtan, təhqir və şantaj başlayıb. Bu gün bir sıra mətbuat orqanları kütləvi informasiya vasitəsindən daha çox insanların kütləvi şəkildə mənəvi terrora məruz qoyulması vasitəsinə çevriliblər".

YAP rəsmisi qeyd edib ki, bir sıra qəzetlərin təmsilçilərinin Azərbaycanda mətbuata təzyiqlərin olduğunu bəyan etməklə xarici ölkələrindən siyasi sığınacaq istəmələri siyasi şoudur. O əlavə edib ki, kimsə yaxşı yaşayış dalınca xarici ölkəyə getmək istəyirsə, bunun daha sivill yolları var. Bunun üçün Azərbaycan dövlətinə böhtan atmağa ehtiyac yoxdur.

Əhmədov vurğulayıb ki, Azərbaycan bir sıra mətbuat orqanlarının düşdüyü acınacaqlı vəziyyətdən çıxarmaq üçün "Kütləvi informasiya vasitələri" haqqında qanunda dəyişiklik etmək lazımdır: "Elə bir dəyişiklik həyata keçirilməlidir ki, bunun nəticəsində Azərbaycan mətbuatı normal bir duruma gəlib çıxsın, insanları təhqir vasitəsinə çevrilməsin. Eyni zamanda mətbuatla şəxsiyyət və cəmiyyət arasında yaranan ziddiyyətli məqamların daha sivil formada aradan qaldırılması üçün mexanizim yaradılsın. Bundan başqa, bəzi mətbuat orqanları müxtəlif bəhanələrlə Azərbaycanda söz və mətbuat azadlığının pozulması haqqında rəy yarada bilməsinlər".

Onun fikrincə, insanlara böhtan atan və onları təhqir edən jurnalistlər daha çox ictimai qınağa məruz qalmalıdırlar.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti