Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Ərazilərimizin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Xanlar rayonunun Regional Mərkəzində çərşənbə günü keçirdiyi tədbirdə minadan zərər çəkənlərə əlil arabaları verilib. ANAMA-nın informasiya məsələləri üzrə mütəxəssisi Əziz Əliyevin verdiyi məlumata görə, 23 nəfərə arabaların verilməsi nəzərdə tutulsa da, tədbirə 15 nəfər araba almağa gəlib. Əliyev bildirib ki, aparılan araşdırmalar nəticəsində respublikada 1800 nəfər minadan zərər çəkən olduğu və onların 130-nun arabaya ehtiyacı olduğu müəyyənləşdirilib. Bu cür aksiyalar digər regionlarda da həyata keçiriləcək.
Əlil arabalarının hazırlanması üçün Amerika Xüsusi Qoşunlarının Avropa Komandanlığı 21 min dollar məbləğində vəsait ödəyib. Bu vəsait hesabına 280 əlil arabası hazırlanıb və həmin arabalar tədricən ANAMA-ya təhvil veriləcək.
Xanlar rayonu paytaxt Bakıdan 380 kilometr qərbdə yerləşir.