Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova, A.Bədəlova/ Human Rights Watch-ın icraçı direktoru Kennet Ross hesab edir ki, Azərbaycanda mətbuat azadlığına əməl olunur, amma jurnalistlərin həbsi söz azadlığı sahəsində öhdəlikərin icrası yolunda əngəldir.
"Azərbaycan mətbuat azadlığı sahəsində bir çox Sazişlərin üzvüdür. Amma yeddi jurnalistin həbsi onu göstərir ki, Azərbaycan rəhbərliyi söz azadlığını məhdudlaşdırır", - deyə çərşənbə axşamı Bakıda mətbuat konfransında Human Rights Watch rəhbəri bildirib.
Ross Cinayət məcəlləsinin müvafiq maddəsinin mülki məsuliyyətlə əvəz olunmasını məsləhət görüb. O həmçinin qeyd edib ki, jurnalistləri Mətbuat Günündə - 22 iyulda da azad etmək olar.
Human Rights Watch icraçı direktorunun sözlərinə görə, güclü hökumət bu cür yollara getmir. "Jurnalistlərin azad olunması jurnalistlərin qələbəsi deyil, beynəlxalq öhdəliklərə əməl olunması istiqamətində Azərbaycanın qələbəsi olacaq", - Ross bildirib.