...

Xalq artisti Alim Qasımov: "Ahıl yaşıma doğru gedirəm, yenə də öyrənirəm"

Cəmiyyət Materials 27 İyul 2007 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /müx. TrendLife Günel Əhmədova/Gələn ay dünya şöhrətli xanəndə Alim Qasımovun 50 yaşı tamam olur. Xanəndə TrendLife-ın müxbiri ilə söhbətində yubileyinin həm dövlət səviyyəsində, həm də ailə çərçivəsində keçiriləcəyini qeyd etdi.

- Ad gününüz hansı tarixə təsadüf edir?

- Avqustun 14-də 50 yaşım tamam olur. Dövlət nümayəndələri yubileyin keçiriləcəyi barədə mənə məlumat veriblər. Ailə üzvlərim də tədarük görürlər.

- Deyəsən, təmtərağı sevmirsiniz?

- Bəli. Amma bir ideyam var. Bilirsiniz ki, övladlarımın toy şənliyini doğma elim Şamaxıda keçirmişəm. Bunu fərqlənmək xatirinə etməmişdim, içimdən belə gəlirdi. Ümumiyyətlə, kənd adətlərini çox sevirəm. Əgər tərəddüdlərdən boyun qaçıra bilməsəm, yəqin ki, yubileyimin Şamaxıda keçirilməsi ilə bağlı təklif verəcəyəm. Bunu hələ ki, sizə deyirəm.

- Dövlət səviyyəsində keçiriləcək yubileyin tarixi bəllidir?

- Hələki yox. Nə gün, nə də məkan bəllidir. Məndə olan məlumata görə, sentyabr ayına təsadüf etməlidir. Bu barədə dövlət özü də qəti qərar verməyib.

- Alim Qasımov yay aylarını yaradıcılığının durğunluq dövrü adlandırır.

-Bəli. Tələbələrim tətilə çıxır. Səfərlər azalır. Amma mən boş otura bilmirəm. Həftədə bir neçə gün məşqlərimiz olur. Hamı deyir ki, Alim dünyaşöhrətli xanəndədir. Amma hərdən düşünürəm ki, bu aləmdə mən bir damlayam. İfa zamanı özümün kiçik dünyamı yaratmağa çalışıram. Onda duyuram ki, bu dünya o dünyanın yanında balaca qum dənəsidir. Onu böyütmək üçün neçə ömür yaşamalısan. Gənclərə tövsiyəm budur ki, daim inkişafda olsunlar. Özündənrazılıq insanı uçuruma aparır. Müəyyən bir vaxt var idi ki, düşünürdüm, artıq bütün muğamları tam öyrənmişəm. Artıq qarşımda heç kim dura bilməz. Bu, təbii ki, cavanlıq şıltaqlığı idi. Tez yanıldım. Ahıl yaşıma doğru gedirəm, amma yenə öyrənirəm. Milli Konservatoriya, İncəsənət Universiteti, Asəf Zeynallı adına Musiqi Kollecində xanəndələrin dərs prosesini daim izləyirəm. Hərdən elə olur ki, tələbədən hansısa boğazları öyrənirik. Axtarışa başladınsa, bunun ucu-bucağı olmayacaq.

- Bir az əvvəl sıx məşqlər etdiyinizi dediniz. Bunun arxasında böyük layihə durur?

- Musiqiçilərimlə birlikdə "Leyli və Məcnun"u yeni quruluşda hazırlayırıq. Təşəbbüs "İpək yolu" ansamblı, qızım Fərqanə Qasımova və mənə məxsusdur. Bununla bağlı gələn ay ad günümdən iki gün sonra, yəni, avqustun 16-da Fransaya səfərimiz olacaq. Heyətdə Fərqanə və mən, musiqiçilərdən isə Rauf İslamov və Ələsgər Məmmədov olacaqlar. Səfər avqustun 21-ə kimi nəzərdə tutulub. Həmin ərəfədə əsər üzərində məşqlər aparılacaq və müəyyən danışıqlar baş tutacaq.

- Əsərdə nə kimi dəyişikliklər gözlənilir?

- Əsər tamamilə yeni variantda hazırlanır. Operada müasir alətlərdən istifadə ediləcək. Məcnunu mən, Leylini isə Fərqanə oynayacaq. Tamaşanın təqdimatı Fransada nəzərdə tutulub.

- Təqdimat Bakıda da gözlənilir?

- Layihənin təşəbüskarlarından biri "İpək yolu" olduğu üçün ilk təqdimat Fransanın səhnəsi üçün nəzərdə tutulub. Bakıda təqdimat keçirmək üçün təşkilatçılarla daşınmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti