...

Təhsil Nazirliyinin iddiası ilə məcburi köçkünün ailəsi yaşadığı mənzildən çıxarılır – yenilənib (detallar birinci abzasda)

Cəmiyyət Materials 17 Avqust 2007 18:33 (UTC +04:00)
Təhsil Nazirliyinin iddiası ilə məcburi köçkünün ailəsi  yaşadığı mənzildən çıxarılır – yenilənib (detallar birinci abzasda)

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Təhsil Nazirliyinin məcburi köçkün ailəsinin məskunlaşdığı ərazidən köçürülməsi barədə iddia tələbi təmin olunub, cümə günü Trend ə Yasamal rayon məhkəməsinin hakimi Tahir İsmayılov məlumat verib.

Yasamal rayon məhkəməsi Təhsil Nazirliyinin Şuşadan məcburi köçkün Validə Bağırovanın məskunlaşdığı 20 saylı orta məktəbdən çıxarılması və 18 saylı bağçada məskunlaşması ilə bağlı iddiası üzrə qətnamə qəbul edib. Qətnaməyə görə, 18 saylı bağçada ayrılmış iki otaq təmir olunaraq cavabdehin istifadəsinə verilməlidir.

Bağırovanın nümayəndəsi Famil Məmmədov qətnamə ilə narazı olduğunu bildirib və Bakı Apellyasiya Məhkəməsinə şikayət ediləcəyini söyləyib.

Şuşadan məcburi köçkün düşmüş Bağırova təhsil naziri Misir Mərdanovu məhkəməyə verəcək. Təhsil Nazirliyi 1994-cü ildən 20 saylı orta məktəbin ərazisindəki tennis kortunun geyinib-soyunma otağında məskunlaşmış və eyni zamanda həmin məktəbdə tarix müəllii işləyən Bağırovanın ailəsinin həmin ərazidən məcburi çıxarılması və 18 saylı bağçaya köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

Bağırova bildirib ki, həmin ərazi 1994-cü ildə ailəsinə məktəbin ovaxtkı direktoru Talıb Şərifov tərəfindən müvəqqəti istifadəyə verilib. Yasamal rayon İcra Hakimiyyəti onların məktəbin ərazisdə yerləşdirlməsinə narazılıq bildirib. Bağırova bununla bağlı Milli Məclisə müraciət edəndən sonra qanunverici orqanın rəhbərliyi məcburi köçkün ailəsinin oradan köçürülməyəcəyi barədə məktəb direktoruna məktub göndərib.

Bu ilin yanvarında 20 saylı orta məktəbdə başlamış təmir və abadlaşdırmadan sonra Təhsil Nazirliyi məcburi köçkün ailəsinin yaşadığı tikilinin aparılan təmir və abadlaşdırma işlərinə mane olduğunu əsas gətirərək onların məktəbdən çıxarılması barədə qərar verib. Bağırova bildirib ki, xəstəxanada müalicə olunarkən bu barədə ona məlumat verilib və bu xəbərdən sonra o şok keçirib, yıxılaraq ayağı sınıb. Nazirliyin bu qərarının onun səhhəti ilə bağlı ciddi problem yaratdığını iddia edən cavabdeh təhsil naziri Mərdanovu ona vurduğu maddi və mənəvi zayana görə məhkəməyə verəcəyini deyib: "Nazir mənə vurduğu mənəvi və maddi ziyanı qəpiyinə qədər ödəyəcək".

Məcburi köçkün ailəsi onlara 18 saylı bağçada təklif olunan ərazidə yaşayış üçün heç bir şərait

olmadığını əsas gətirərək ora köçməkdən imtina edir.

Təhsil Nazirliyinin nümayəndəsi Elmir Həsənovun sözlərinə görə, Bağırovanın məskunlaşdığı tikili qanunsuz tikilidir və bu tikili orta məktəmdə aparılan abadlaşdırmaya mane olur. Nazirlik rəsmisi bağçada onlara təklif olunan ərazidə təmir işlərinin aparılacağını və oranın yaşayış üçün yararlı vəziyyətə salınacağını vəd edib: "Bağırovanın həmin ərazidə məskunlaşması məktəbin 3000-dən artıq şagird və müəllim kollektivinin hüquqlarını pozur".

Cavabdehin nümayəndəsi Famil Məmmədov isə vurğulayıb ki, prezidentin 1996 və 1998-ci ildə imzaladığı fərmanlar, Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı Dövlət Proqramı ilə məcburi köçkünlərin yaşadığı mənzillərdən çıxarılmasına icazə verilmir. Məcburi köçkün ailəsinin məskunlaşdığı tikilinin qanunsuz olması ilə bağlı fikrə aydınlıq gətirən nümayəndə qeyd edib ki, tennis kortu Azərbaycan SSRİ-nin İdman Komitəsinin sifarişi ilə tikilib və Tennis Federasiyasının balansında olub, sonradan isə 20 saylı orta məktəbin balansına verilib. Bu səbəbdən də bu tikili qanunsuz hesab edilə bilməz.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Vüqar Qarayev 1992-1998-ci illərdə məskunlaşan məcburi köçkünlərin məskunlaşdığı yerlərdən yalnız onların razılığı ilə zəruri şərait yaradıldığı halda köçürülməsinə icazə verildiyini vurğulayıb: "Biz Bağırov ailəsinin qanun çərçivəsində həmin ərazidən köçürülməsinə razıyıq. Təhsil Nazirliyi onlara təklif olunan ərazidə lazımi təmir və abadlaşdırma aparmağı öhdəsinə götürülməlidir".

Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi isə Bağırovanın ailəsinə təklif olunan otaqların hazırda məskunlaşdığı otaqlardan daha geniş olduğunu deyib və təmir olunacağı təqdirdə ailənin ora köçürülməsini mümkün sayıb.

Məhkəmə tərəflərin iştirakı ilə Bağırovanın ailəsinin məskunlaşdığı və onlara 18 saylı bağçada təklif olunan əraziyə baxış keçirib.

Xəbər lenti

Xəbər lenti