Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Buraxdığım səhvlərə və xətalara görə özümü qismən təqsirli bilirəm. Bu bəyanatla Səhiyyə Nazirliyinin Əczaçılıq və Tibbi Texnika şöbəsinin sabiq müdiri Akif Məhərrəmov cümə axşamı Bakı Apellyasiya Məhkəməsində hakim Qayıl Məmmədovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanov və digərlərinin işi üzrə keçirilən məhkəmə prosesində çıxış edib.
Sabiq şöbə müdiri birinci instansiya məhkəməsində keçirilmiş prosesdə özünü təqsirli bilməməsini işlədiyi sahədəki qanunlardan xəbərdsiz olması ilə əlaqələndirib: "Hüquq elmindən xəbərsiz olmuşam. Mənəvi qanunlarla işləmişəm. Həbsimdən sonra fəaliyyət sahəmlə bağlı qanunlarla tanış olandan sonar , həqiqətən də , səhvlərə və xətalara yol verdiyimi başa düşdüm".
Məhərrəmov şəkərli diabet xəstəsi olduğunu, şəxsiyyətini, elmi fəaliyyətini nəzərə alaraq , məhkəmədən cəzasının yüngülləşdirilməsini xahiş edib: "23 ay ərzində fiziki və mənəvi əziyyətlər çəkmişəm. Bu əzablar etdiyim hərəkətlərin cəzasıdır. 9 il həbsdə qalmağım, bu müddətdə elmdən kənarlaşmağım mənim üçün ölümdür. Bu xəstəliklə mən cəzamı çəkib qutara bilməyəcəm".
Məhərrəmovun vəkili Zaur İbadov çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin ixtira və kəşflərindən dövlətin xeyli gəlir götürdüyünü vurğulayıb. Vəkil bildirib ki, məhkəmə hökmündə Məhərrəmovun75 min ABŞ dolları məbləğində rüşvət aldığı qeyd olunub: "Məhərrəmovun evindən və iş otağından 1 milyon 225 min 900 ABŞ dolları götürülüb və məhkəmənin qərarı ilə müsadirə olunub. Məhkəmə müsadirə barədə qərar çıxararkən birgə mülkiyyətdə olan əmlakın Məhərrəmovun həyat yoldaşına aid hissəsini nəzərə almayıb".
Vəkil Məhərrəmova cəza təyin olunarkən onun şəxsiyyətini, xəstəliyini, elmi fəaliyyətini nəzərə alınmasını xahiş edib.
Sonra mülki cavabdehlər və vəkilləri çıxış ediblər və məhkəmə hökmünün onlara aid hissəsinin dəyişdirilməsini xahiş ediblər.
Proses saat 15-də Əli İnsanov və vəkillərinin çıxışı ilə davam etdiriləcək.
Dövlət çevrilişinə cəhd, kütləvi iğştişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri Əli İnsanov bu il aprelin 20-də məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.
Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.
Məhkəmənin hökmü ilə sabiq nazirlə bərabər, eyni cinayətlərdə təqsirləndirilən Səhiyyə Nazirliyinin sabiq əməkdaşları Fəxrəddin Abbasov, Anar Namazov, Pərviz Kazımova 7 il 6 ay, Fuad Mahmudova 5 il sınaqmüddətinə 7 il 6 ay, Vəkil Abbasova 4 il sınaq müddətinə 5 il, Akif Məhərrəmova əmlakı müsadirə olunmaqla 9 il, Eldar Rzayevə 7 il, Hacı Əliyevə 5 il sınaq müddətinə 7il, Şövqü Cəfərova 5 il sınaq müddətinə 7 il, Aleksandr Umyaşkinə 3 il iş verilib.