Azərbaycan, Bakı, 7 fevral /Trend/
10-12 fevral 2012-ci il tarixdə Ankarada Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə 40-cı beynəlxalq turnir keçiriləcək.
Trend-in Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandalarımız iştirak edəcək. Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Monqolustan, Cənubi Afrika, Almaniya, Moldova, Yaponiya, Kanada, İran, Gürcüstan, Slovakiya, Bolqarıstan, Qazaxstan, Polşa və Litvanın da iştirak edəcəyi turnirin baş hakimi Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov olacaq.
Sərbəst güləşçilərimiz baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında turnirdə iştirak edəcək. Heyətdə Mahmud Məhəmmədov, Qalib Əliyev (hər ikisi 55 kq), Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Çamsulvara Çamsulvarayev (84 kq), Xetaq Qazyumov, Şərif Şərifov (hər ikisi 96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) yer alıb.
Qadın güləşi üzrə yığma komandamıza turnirdə məşqçilər Mehman Nəcəfov və Həsrət Məmmədyarov rəhbərlik edəcək. Marziget Baqomedova, Kəmalə Əliyeva (hər ikisi 48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), İrina Netreba (63 kq), Zümrüd Qurbanhacıyeva və Natalya Palamarçuk (hər ikisi 72 kq) heyətə daxil edilib.
Görüşlərin idarə edilməsində AGF Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Qərib Əliyev və beynəlxalq dərəcəli hakim Fəraqət Cəlalov iştirak edəcək.