...

Daha 11 Azərbaycan güləşçisi Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaq

İdman Materials 3 Aprel 2012 17:41 (UTC +04:00)
Aprelin 20-22-də Bolqarıstanın paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək.
Daha 11 Azərbaycan güləşçisi Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaq

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Aprelin 20-22-də Bolqarıstanın paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək.

Trend Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, sərbəst güləş yığmamız 3 çəki dərəcəsində lisenziya uğrunda yarışacaq. Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq) və Xetaq Qazyumov (96 kq, Aslanbek Alborov - ehtiyat) ilk lisenziya turnirinə yollanacaq idmançılardır. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yığmamız digər 4 çəkidə (Cəbrayıl Həsənov - 66 kq, Əşrəf Əliyev - 74 kq, Şərif Şərifov - 84 kq və Cəmaləddin Məhəmmədov - 120 kq) Olimpiadaya vəsiqəni artıq təmin edib.

Yunan-roma güləşçiləri məşqçilər Salih Bora və Mutaalib Yerlikayanın rəhbərliyi altında 5 çəki dərəcəsində Olimpiya lisenziyasını hədəfləyib. Həsən Əliyev (60 kq, Kamran Məmmədov - ehtiyat), Vitali Rəhimov (66 kq, Rüstəm Əliyev - ehtiyat), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (96 kq) və Məsud Həşimzadə (120 kq, Maksim Proxorov - ehtiyat) Bolqarıstana yollanacaq heyətdə yer alıb. Xatırladaq ki, yunan-Roma yığmamız ötənilki dünya çempionatında 2 çəkidə (Rövşən Bayramov - 55 kq), Saman Təhmasibi - 84 kq) Olimpiya lisenziyası qazanıb.

Qadın güləşçilər Olimpiya Oyunlarında 4 çəki dərəcəsində mübarizə aparır. Yığma komandamızın hesabında 1 lisenziya (Mariya Stadnik - 48 kq) artıq var. Bolqarıstanda keçiriləcək turnirdə yığmamız baş məşqçi əvəzi Maqomed Aliomarov və böyük məşqçi Qrek İqnatın rəhbərliyi altında Yuliya Ratkeviç (55 kq), İrina Netreba (63 kq, Nadya Sementsova - ehtiyat) və Dina İvanova (72 kq) ilə təmsil olunacaq.

Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya kateqoriyalı referi Əjdər Cəfərov Sofiyada təşkil olunacaq ilk lisenziya turnirində ölkəmizi hakim kimi təmsil edəcək. Reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 2 güləşçi (finalçılar) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Xəbər lenti

Xəbər lenti