...

Azərbaycan hokkeyçiləri Olimpiya Oyunlarına doğru inamla irəliləyir

İdman Materials 27 Aprel 2012 16:18 (UTC +04:00)
Yaponiyanın Kakamigahara şəhərində keçirilən London Yay Olimpiya Oyunlarının təsnifat yarışında mübarizə aparan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası bu gün turnirdə ikinci oyununu keçirib.
Azərbaycan hokkeyçiləri Olimpiya Oyunlarına doğru inamla irəliləyir

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Yaponiyanın Kakamigahara şəhərində keçirilən London Yay Olimpiya Oyunlarının təsnifat yarışında mübarizə aparan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası bu gün turnirdə ikinci oyununu keçirib.

Trend Azərbaycan Otüstü Hokkey Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, rəqib dünya reytinq sıralamasında 22-ci yeri tutan və birinci turda Çili yığması üzərində 3:1 hesablı qələbə qazanan Belarus hokkeyçiləri olub. Matçın birinci hissəsində hər iki tərəfin səyinə baxmayaraq, qapılara qol vurulmayıb. Fasilədən sonra da təxminən 15-16 dəqiqə ərzində tablodakı "0"-lar dəyişməyib. Nəhayət 52-ci dəqiqədə komandamızın kapitanı Xatirə Əliyeva ilk görüşdə malaziyalılarla olduğu kimi cərimə zərbəsi ilə hesabı açıb. 6 dəqiqə sonra Xatirə anoloji vəziyyətdən 2-ci qolu da qapıdan keçirib.

Qızlarımız Belarus millisinin baş məşqçisi - keçmiş Azərbaycan vətəndaşı Samvel Qəhrəmanyanın qalib gəlmək arzularını puça endirərək sona 1 dəqiqə qalmış yenə də standart vəziyyətdən 3-cü qolu da vurmağı bacarıblar. Bu dəfə Janq Süleymanova fərqlənib.

Beləliklə, baş məşqçi Adil Paşayevin rəhbərlik etdiyi yığma komandamız prinsipial rəqib saydığımız Belarus təmsilçiləri üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

Aprelin 29-da xanım hokkeyçilərimiz Avstriya komandası ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti