...

Güləşçi Mahmud Maqomedov: Mən rəqibimə yox, hakimlərə məğlub oldum (MÜSAHİBƏ)

İdman Materials 5 May 2012 13:00 (UTC +04:00)
Trend Azərbaycan güləşçisi Mahmud Maqomedovun Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə müsahibəsini təqdim edir
Güləşçi Mahmud Maqomedov: Mən rəqibimə yox, hakimlərə məğlub oldum (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 5 may /Trend/

Trend Azərbaycan güləşçisi Mahmud Maqomedovun Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə müsahibəsini təqdim edir

- Mahmud, "necəsiniz" sualını vermək əslində düz olmaz. Amma, gəlin, hər 3 görüşə nəzər salaq. Birinci rəqibiniz sizdən çox zəif idi. Növbəti rəqibləriniz isə həqiqətən təcrübəli idilər. Amma təbii ki, məğlubiyyəti onların təcrübəsi ilə əlaqələndirmək düz olmazdı.

- Haqlısınız. Son 2 rəqibim güclü idi. Rumıniyalı Andrey Dukova Bolqarıstanda məğlub olmuşdum. Monqolustanlı Narabatan Bayaraa ilə bu vaxta qədər 3 görüşüm olub ki, hər 3-ü mənim qələbəmlə bitib. Səmimi olsam, bu yarışda mən rəqibimə yox, hakimlərə məğlub oldum. Təbii ki, ½ final olduğunu nəzərə alsaq, az da olsa həyəcanlı idim. Mən görüşü davam etdirib, yarışmaq istəyirdim. Hakimlərin tez-tez, xüsusən, görüşün sonuna sayılı saniyələr qalmış yarışı naməlum səbəblər üzündən saxlamaları, mənə haqlı yerə verilən 3 xalı haqsız yerə geri alıb hesabı 1-1 etmələri məni qıcıqlandırmaya bilməzdi. Mən heç bir hakimdən dəstək gözləmirdim. Mən sadəcə yarışıb, qalib gəlmək istəyirdim. Özünüz də gördüyünüz kimi, hakimlər mənim tərəfimdə idilər. Lakin orada bəlli olmayan hakimlər qrupu mənə qarşı haqsızlıq etdi.

- Bundan sonra üçün nə düşünürsünüz?

- Düzü bilmirəm. Bu, çox uzun bir yola bənzəyir. Sən bütün çətinliklərə sinə gərib məqsədə çatmaq üçün illərlə əziyyət çəkirsən. İnanırsınız, mən çəki salanda yemək yemirəm deyə, ailəm də mənə görə yemək yemir (gülür). Deyirəm, siz mənə fikir verməyin, rahat yeməyinizi yeyin. Əslində, siz mənə görə ac qalanda mən özümü çox piss hiss edirəm. Bu idmandı. Burada uduzmaq da var, udmaq da. Amma bu cür məğlubiyyət əziyyətdən başqa bir şey deyil. Təsəvvür edə bilməzsiniz, məşqçim Firdovsi müəllimin mənə görə nə gecəsi, nə də gündüzü var. Məşqlərdən öncə, sonra, gecə saat neçə olmasından asılı olmayaraq, mənim qayğıma qalır. Atam çəki saldığım üçün xüsusi kalorisiz yeməklər hazırlayır, həkim, federasiya, təlim məşq toplantıları, bizim üçün çəkilən əziyyət. Bütün bunlar göz önünə gələndə düzü nə deyəcəyimi bilmirəm. Heç məşqçimin, atamın gözünün içinə necə baxacağımı bilmirəm.

- Sizin hələ yarışlar, qələbələr üçün kifayət qədər vaxtınız var. 25 yaş bir o qədər də pis deyil.

- Yaş böyük rol oynayır. Kim bilir ki, mən 4 ildən sonra da eyni ilə bu cür haqsızlıqla qarşılaşmayacağam. Amma bilirsiniz, mənə hazırda stimul verən bir məqam var. O da 3 aydan sonra övladımın dünyaya gəlməsidir. Bəlkə də məni sakitləşdirən elə bu məqamdır.

- Təbrik edirəm. Çox gözəl xəbərdir.

- Mən sizə bir sirr açacağam. Bunu həyat yoldaşımdan və məndən başqa heç kəs bilmir.

- Amma mənə dedikdən sonra hər kəs biləcək (gülürük).

- Buyurun. İnshallah, dünyaya gələcək oğluma atamın adını qoyub, ona sürpriz edəcəyəm. Atamın hələ bundan xəbəri yoxdur. Olimpiya medalını da atam üçün hədiyyə etmək istəyirdim. Amma, əfsuslar alınmadı.

- Sizin Bolqarıstanda məğlub olmağınız çoxlarına təəccüblü gəldi. Çünki siz kifayət qədər güclü idmançısınız. Bu barədə nə demək olar?

- Bolqarıstandakı məğlubiyyətim öz günahım oldu. Mənə məşqçilərim dəfələrlə "toparlan, yarış" desələr də, mən özümü ələ ala bilmədim. Demək olar, taktiki səhvlər çox etdim. Amma burada hər şey ideal idi. Rəqiblərin heç birindən çəkinmirdim. Əksinə, adrenalin ən yüksək səviyyədə idi (gülür). Yarış aclığı çox güclü idi desəm, yanılmaram. Amma hakimlərin məni tez-tez dayandırmaları, 3 xalımı əlimdən alıb hesabı 1:1 etmələri həqiqətən məni çox qıcıqlandırdı. Heç cür özümü ələ ala bilmədim. Artıq bədənim sözümə baxmırdı.

- Mahmud, mənim üçün hər zaman ən maraqlı məqamlardan biri yarış zamanı məşqçinin ucadan idmançıya nə etməli olduğunu söyləməsidir. Ümumiyyətlə, o an idmançı məşqçiyə nə qədər qulaq asır?

- Kənardan məşqçi oyunun gedişini daha yaxşı görür. Təbii ki, əgər yalnız məşqçi yarış zamanı ucadan hansısa məsləhətləri verirsə, bu zaman vəziyyətdən asılı olaraq əməl edirəm. Amma əgər hamı birdən danışırsa, özü də hərə fərqli-fərqli məsləhət verirsə, o zaman vəziyyət çətinləşir (gülür).

- Mahmud, kimi Azərbaycan güləşçiləri arasında çox güclü sayırsınız?

- Düzü hər idmançının, hər çəkinin öz yeri var. Sadəcə onu deyə bilərəm ki, Azərbaycan güləşinin gündən-günə güclənməsi həqiqətən bir çox insanlara sərf etmir. Sizə misal olaraq, Bolqarıstanda keçirilən yarışda Vitaliy Rəhimovun püşk atmasını gətirə bilərəm. Onu istəsək də etmək mümkün deyil. Amma etdilər. Bilirsiniz, Mutko, Brüsov kimi insanlar Azərbaycan güləşi haqqında mənfi fikirlər söyləyirlər. Rusiya gündən-günə Azərbaycan idmanının gücləndiyini görüb, əməlli-başlı qəzəblənir. Əziyyəti çəkən, haqsızlıqlarla rastlaşan isə biz, döşək üstündə yarışan idmançılarıq.

Xəbər lenti

Xəbər lenti