...

"Bakı" "Neftçi"nin cəzalandırılmasını istəyir

İdman Materials 8 İyun 2012 16:05 (UTC +04:00)
"Bakı" futbol klubu dünən U-15 liqanın "Neftçi"yə qarşı keçirilən final oyununda yaşananlarla bağlı rəsmi açıqlama yayıb.
"Bakı" "Neftçi"nin cəzalandırılmasını istəyir

Azərbaycan, Bakı, 8 iyun /Trend/

"Bakı" futbol klubu dünən U-15 liqanın "Neftçi"yə qarşı keçirilən final oyununda yaşananlarla bağlı rəsmi açıqlama yayıb.

Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, açıqlamada deyilir ki, final oyunundan sonra yaşananlar ölkə futboluna başucalığı gətirmir.

"Bakı" və "Neftçi" klublarının 15 yaşlı futbolçulardan ibarət komandalarının oyunundan sonra yaşanan qalmaqal bütün idman ictimaiyyətininin hiddətinə səbəb olub. "Bakı" futbol klubu olaraq bəyan edirik ki, maraqlı mübarizə şəraitində keçən idman yarışının başa çatmasından sonra yaşanan insident rəqib komandanın azarkeşlərinin və klubumuza aid olmayan kənar şəxlərin meydana daxil olması nəticəsində baş verib. Biz bunu Azərbaycan idmanına yaraşmayan neqativ hal kimi pisləyir və belə halların bir daha təkrarlanmaması üçün zəruri addımların atılmasını tələb edirik", - açıqlamada qeyd olunub.

"Bakı" klubu hesab edir ki, son illər analoji qalmaqallar ölkə futbolunda ilk dəfə deyil ki, baş verir.

"Diqqətçəkən budur ki, onların əksəriyyətində yalnız bir tərəfin adı çəkilir. 2009-2012-ci illər Azərbaycan çempionatının "Neftçi"nin iştirakı ilə keçirilən oyunlarında Coel Epalle, Elvin Əliyev, İbrahim Karqbonun fiziki təzyigə məruz qalması, "Qəbələ" futbol klubunun futbolçularına qarşı güc tətbiq edilməsi, AZAL rəhbərliyinə qarşı hörmətsizlik, "İnter" klubunun oyunçularının döyülməsi kimi faktlar, nədənsə, ancaq "Netfçi" ilə oyunlara təsadüf edir. Aidiyyəti qurumlardan xahiş edirik ki, son qalmaqalla bağlı məsələləri araşdırarkən yuxarıda sadalanan faktların hansı məqamlardan qaynaqlanmasını nəzərdən qaçırmasınlar. "Bakı" futbol klubu 7 iyun 2012-ci il tarixdə baş vermiş insidentin araşdırılması və günahkarların cəzalandırılmasını tələb etməklə bərabər, belə utancverici halların başvermə səbəbi və mənbəyini də üzə çıxararaq müvafiq nəticə çıxarılacağına ümid edir", - açıqlamada deylir.

Xəbər lenti

Xəbər lenti