Azərbaycan, Bakı, 10 dekabr /Trend/
Bu gün Azərbaycan Premyer Liqasında XVI turun növbəti oyunları keçirilib.
Trend-in məlumatına görə, Zaqatalanın "Simurq" klubu doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edib. Oyunda ilk qol meydan sahiblərindən gəlib. Murad Səttarlı 16-cı dəqiqədə hesabı açıb. 48-ci dəqiqədə "Xəzər Lənkəran"ın heyətində Ruslan Abışov qırmızı vərəqə alaraq meydanı tərk edib.
67-ci dəqiqədə Marçin Burxardt hesabı 2:0-a çatdırıb. 72-ci dəqiqədə Elnur Abdullayev hesab arasındakı fərqi azaldıb (2:1). Oyuna əlavə olunan dəqiqələrdə isə Dmitrios Sialmas lənkəranlıları məğlubiyyətdən xilas edən qola imza atıb (2:2).
Son Azərbaycan çempionu "Neftçi" isə "Rəvan"ı sınağa çəkib.
Gözlənildiyi kimi, oyuna "Neftçi" futbolçuları fəal başlayıb. 43-cü dəqiqədə Mirhüseyn Seyidov flaqmanı irəli çıxarıb. 63-cü dəqiqədə isə Nikolas Kanales hesab arasındakı fərqi artırıb (2:0). Matç elə bu hesabla da başa çatıb.
Beləliklə, "Neftçi" 13 oyundan 24 xalla turnur cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, XVI turun "Turan" - "Bakı" oyunu təxirə salınıb.