...

Azərbaycan III İslam Həmrəyliyi Oyunlarında necə təmsil olunacaq?

İdman Materials 19 Sentyabr 2013 12:11 (UTC +04:00)
Azərbaycan respublikasının Milli Olimpiya Komitəsi (MOK) III İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı hansı idman növündə nə qədər idmançının təmsil edəcəyini, eləcə də rəsmi nümayəndə heyətinin tərkibini açıqlayıb.
Azərbaycan III İslam Həmrəyliyi Oyunlarında necə təmsil olunacaq?

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi (MOK) III İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı hansı idman növündə nə qədər idmançının təmsil edəcəyini, eləcə də rəsmi nümayəndə heyətinin tərkibini açıqlayıb.

MOK-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 22-dən oktyabrın 1-dək İndoneziyanın Palembang şəhərində III İslam Həmrəyliyi Oyunları keçiriləcək. Oyunlarda Azərbaycan 100 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq. Müxtəlif idman növlərində keçirilən yarışlarda bu dəfə Azərbaycanı 9 idman növü üzrə (atletika, taekvondo, badminton, karate, uşu, üzgüçülük, tennis, ağır atletika və kamandan oxatma) 54 idmançı təmsil edəcək.

Sentyabrın 24-də İndoneziyanın Palembang şəhərində İHİF-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Həmin iclasda İHİF-nın İcraiyyə Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və İcraiyyə Komitəsinin üzvü olan Könül Nurullayeva İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı növbəti aylarda görüləcək işlər haqqında məruzə ilə çıxış edəcəklər.

Sentyabrın 25-də "Bakı 2017" Təşkilat Komitəsi tərəfindən iştirakçı dövlətlərin nümayəndələrinə, İndoneziya Təşkilat Komitəsinin və İHİF-nın rəhbərliyinə xüsusi ziyafət veriləcək. Ziyafət zamanı Azərbaycan mədəniyyətinin, mətbəxinin təbliği, xüsusi videoçarxın nümayişi, ölkəmizdə mövcud olan idman və qeyri-idman obyektlərindən ibarət foto stendin təşkili və s. nəzərdə tutulub.

Qedy edək ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Milli Olimpiya Komitəsinin (MOK) İdman İdarəsinin baş məsləhətçisi, beynəlxalq dərəcəli hakim Vaqif Əliyev olacaq. Rəsmi nümayəndə heyətinə MOK-nin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva, MOK-nin beynəlxalq proqramlar üzrə mütəxəssisi Mehman Kərimov, MOK-nin İnformasiya, Nəşriyyat və MOK-lararası Əlaqələr İdarəsinin rəisi Cəmaləddin Rəhmanov və digərləri də daxildirlər.

Xatırladaq ki, İslam Həmrəyliyi Oyunları 2005-ci ildən keçirilir. Bu il iyulun 25-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində İHİF-nın 8-ci Baş Assambleyasında qəbul edilən qərara görə, 2017-ci ilin İslam Həmrəyliyi Oyunları Bakı şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti