Azərbaycan, Bakı, 18 noyabr /Trend/
Futbol üzrə Azərbaycan milli komandasının alman baş məşqçisi Berti Foqts sabah Qırğızıstan yığması ilə keçiriləcək yoldaşlıq oyununda bəzi mövqelərdə dəyişiklik edəcəyini bildirib.
Trend AFFA-nın saytına istinadən xəbər verir ki, Berti Foqts qarşılaşma ərəfəsində təşkil olunmuş mətbuat konfransında bundan əvvəl Estoniya ilə keçirilən yoldaşlıq oyununda komandasının pis oynamadığını deyib: "Talllinndə pis oynamadıq. İki səhv etdik və estoniyalılar qələbə qazandı. Qol şanslarımız olsa da, istifadə edə bilmədik. Qırğızıstanda olduğumuz üçün şadıq. Burada xoş münasibət gördük. Belə oyunlar bizə vacibdir. Futbol elə oyundur ki, hamı qələbə qazanmaq istəyir. Rəqib də qələbə üçün meydana çıxacaq, biz də. Sabah bəzi mövqelərdə yenə dəyişikliklər edəcəyəm. Hər bir futbolçu səhv edə bilər. Mənim də səhvim olur. Amma eyni səhvi iki dəfə təkrarlamaq olmaz".