...

AFFA "Binə" klubunu yarışlardan kənarlaşdırdı, məşqçisinin fəaliyyətinə qadağa qoydu

İdman Materials 3 İyun 2014 15:28 (UTC +04:00)
AFFA İntizam Komitəsi həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyində çıxış edən "Binə" klubunu yarışlardan kənarlaşdırıb.
AFFA "Binə" klubunu yarışlardan kənarlaşdırdı, məşqçisinin fəaliyyətinə qadağa qoydu

Azərbaycan, Bakı, 3 iyun /Trend/

AFFA İntizam Komitəsi həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyində çıxış edən "Binə" klubunu yarışlardan kənarlaşdırıb.

Trend-in məlumatına görə, komitənin iclasında "Binə" - "Çağırğan" oyunu ilə bağlı bir sıra qərarlar qəbul olunub. Mayın 28-də həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin "Binə" - "Çağırğan" oyununun 113-cü dəqiqəsində "Binə" klubunun 55 №-li futbolçusu Tarıverdiyev Cavid rəqibə bilərəkdən başla zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalanıb. Bu hadisədən sonra oyunun 114-cü dəqiqəsində "Binə" klubunun azarkeşləri meydana daxil olub və "Çağırğan" klubunun futbolçularına hücüm ediblər. Buna cavab olaraq "Çağırğan" klubunun azarkeşləri də meydana daxil olub və tərəflər arasında insident yaşanıb. Hakimin, polisin və AHFF-in nümayəndələrinin səyi nəticəsində 8 dəqiqəlik məcburi fasilədən sonra oyun bərpa edilib. Oyunsonrası mükafatlandırma mərasimində "Binə" klubunun bəzi futbolçuları onlara təqdim olunan medalları etiraz əlaməti olaraq azarkeşlərə tərəf atıblar.

İntizam Komitəsinin qərarına görə, "Binə" komandası AHFF-nin keçirdiyi XVI Ölkə Kuboku yarışlarından, AHFF-nin 2014/2015-ci illər mövsümündə keçiriləcək XVII Ölkə birinciliyi və Kuboku yarışlarından kənarlaşdırılıb.

"Binə" klubunun baş məşqçisi Məmmədəli Ağatalıbovun növbəti bir il ərzində AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda məşqçi kimi fəaliyyətinə qadağa qoyulub.

"Çağırğan" komandası AHFF-nin 2014/2015-ci illər mövsümündə keçiriləcək XVII ölkə birinciliyinin 3 təqvim oyununu neytral meydanda boş tribunalar qarşısında keçirəcək.

Mayın 28-də həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin "Binə" - "Çağırğan" matçının 62-ci dəqiqəsində "Binə" klubunun 2 №-li futbolçusu Musayev Vüqar sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Oyunun 113-cü dəqiqəsində "Binə" klubunun 55 №-li futbolçusu Tarıverdiyev Cavid rəqibə bilərəkdən başla zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti