Azərbaycan, Bakı, 31 avqust /Trend/
Fransanın Eqebelet əyalətində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya xarakterli akademik avarçəkmə üzrə dünya çempionatı start götürüb. Nüfuzlu reqataya 77 ölkədən rekord sayda - 1300 idmançı qatılıb.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 129-u olimpiadaya, 24-ü isə paralimpiadaya vəsiqə qazanacaqlar. Azərbaycanı ümumilikdə 4 avarçəkən təmsil edəcək. Yay Olimpiya Oyunlarına lisenziya uğrunda 14 qayıq tipində mübarizə gedəcək. Ölkəmiz bunlardan yalnız 1-də təmsil olunacaq. 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov - Boris Yotov dueti çıxış edəcək. Hər iki avarçəkən həm fərdi, həm də qoşa mübarizədə bir sıra uğurlara imza atıb. A.Aleksandrov yeniyetmələr və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının finalçısı olub. Yotov isə 2014-cü il Yeniyetmələrin Nankin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. O, Azərbaycanın akademik avarçəkmə növündə ilk olimpiya medalçısı sayılır.
Aleksandrov - Yotov dueti qoşa mübarizədə də bir sıra uğurlara imza atıb. Onlar ötən il elə Eqebeletdə keçirilmiş Dünya Kubokunun II mərhələsində, həmçinin Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş Avropa çempionatında gümüş medal qazanıblar. Cütlük 2012-ci ildə London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat reqatasında da mübarizə aparıb. Lakin onlar 3-cü yeri tutaraq, olimpiadaya lisenziya verən 2-ci yerin ukraynalı sahiblərindən cəmi 0,530 saniyə geri qalıblar.
İndi isə Aleksandrov - Yotov dueti 2 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə Rio-2016-ya lisenziya qazanmaqdan ötrü yekun sıralamada 29 cütlük arasında ilk "11-liy"ə düşməliidir. Bunun üçün isə ən azı yarımfinaladək irəliləmək və B finalında ilk "5-liy"ə düşmək lazımdır.
Seçmə yürüşdə rəqiblər Sten-Erik Andersen-Kaur Kuslap (Estoniya), Georgi Bojilov - Kristian Vasilyev (Bolqarıstan), Robert Menson - Kris Harris (Yeni Zelandiya), Hüqo Buşeron - Matyö Androdias (Fransa) və Ceyms Makray - Aleksandr Belonoqov (Avstraliya) cütlükləri olacaq. İlk 4 yeri tutanlar 1/4 finala, qalanları təsəlli yürüşünə vəsiqə qazanacaqlar.
Dünya çempionatında ölkəmiz ilk dəfə paralimpiyaçı akademik avarçəkənlərin mübarizəsində də təmsil olunur. 1 nəfərlik qayıqla (ASM1X) yürüşlərə Asif Qasımov qatılacaq. Onun da iştirakı ilə seçmə mərhələ yürüşü avqustun 31-də saat 19:10-a təsadüf edəcək. Qasımovun rəqibləri Auqustas Naviçkas (Litva), Aleksandr van Holk (Hollandiya), Kerol Doherti (İrlandiya), Erik Horri (Avstraliya) və Fabritsio Kaselli (İtaliya) olacaq. Yürüşün qalibi yarımfinala, qalanları təsəlli yürüşünə çıxacaqlar.
Qeyri-olimpiya tipli 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) 2000 metr məsafəyə yürüşdə isə ölkəmizi Cavid Əfəndiyev təmsil edir. 25 yaşlı avarçəkən bu gün seçmə yürüşdə çıxış edib. O, finişə 7 dəqiqə 29,190 saniyəyə çataraq 6-cı yeri tutub. Nəticədə o, yaponiyalı Suda Takahiro (7:04.61) və bolqarıstanlı Georgi Bojilovla (7:17.76) birgə sabah keçiriləcək təsəlli yürüşünə vəsiqə qazanıb. Yeni zelandiyalı Adam Linq (7:00.71), ABŞ təmsilçisi Nikolas Troyan (7:03.86) və perulu Rentso Leon Qarsia (7:04.31) ilk 3 yerin sahibləri kimi birbaşa 1/4 finala yüksəliblər.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 6-da yekun vurulacaq.