...

"Turan Tovuz"da müsbətə doğru dəyişikliklər ediləcək

İdman Materials 8 Yanvar 2016 20:48 (UTC +04:00)
Azərbaycan futbolunun mərkəzlərindən biri hesab edilən Tovuzda yerli komandanın çıxışı hələlik arzuolunan səviyyədə deyil.
"Turan Tovuz"da müsbətə doğru dəyişikliklər ediləcək

Bakı. Trend:

Azərbaycan futbolunun mərkəzlərindən biri hesab edilən Tovuzda yerli komandanın çıxışı hələlik arzuolunan səviyyədə deyil.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, son bir neçə ildə birinci divizionda mübarizə aparan "Turan Tovuz" çempionatın 2-ci dövrəsində dəyişikliklərlə vəziyyəti düzəltmək niyyətindədir.

İlk dövrədən sonra qış fasiləsi ilə bağlı istirahətə buraxılan komandanın düşərgəsində hələlik sakitlik hökm sürür. Bununla belə, rəhbərlik və məşqçilər korpusu müsbətyönümlü dəyişikliklərin planlarını cızır.

"Turan Tovuz"un baş məşqçisi Nizami Sadıqov deyib: "Əlbəttə, klub daxilində dəyişikliklər olacaq. Digər klublardan yeni futbolçuları dəvət etməyi planlaşdırırıq. Məhz bu yöndə müəyyən işlər görülür. Müdafiə və hücum xətlərində problemlərimiz var. 5-6 futbolçunun komandaya cəlb olunması barədə söhbətlər aparılır".

Mütəxəssis bildirib ki, komanda ikinci dövrənin hazırlıqlarına yanvarın 12-də doğma rayonda başlayacaq: "Təlim-məşq toplanışının ikinci hissəsi isə Tovuzdan kənarda keçiriləcək. Fiziki hazırlığımız Tovuzda olacaq. Hazırlığımızın ikinci dövrəsini isə Bakıda keçirməyi düşünürük və burada bir neçə yoldaşlıq oyunu keçirə bilərik. Təxminən 4-5 yoldaşlıq oyunu keçirməyi düşünürük. İstəyirdik ki, Gürcüstanda da oyun reallaşdıraq, ancaq bu, hələlik məlum deyil".

Onun sözlərinə görə, transfer siyasətində "Turan Tovuz" bütün diqqətini daxili bazara yönəldib: "Amma klubun maliyyə durumu imkan yaradacağı təqdirdə, müəyyən xətlər üzrə əcnəbi futbolçuların da heyətə cəlb olunması reallaşa bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti