...

Yapon məşqçi: İxtisaslaşdırılmış məktəblərin olması Azərbaycanda gimnastikanın inkişafının göstəricisidir (FOTO)

İdman Materials 22 Fevral 2016 18:53 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda iştirak etmiş yaponiyalı gimnastlardan ibarət komanda bu gün fevralın 22-də Bakı Gimnastika Məktəbinə baş çəkib.
Yapon məşqçi: İxtisaslaşdırılmış məktəblərin olması Azərbaycanda gimnastikanın inkişafının göstəricisidir (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda iştirak etmiş yaponiyalı gimnastlardan ibarət komanda bu gün fevralın 22-də Bakı Gimnastika Məktəbinə baş çəkib.

Trend-in məlumatına görə, qonaqların arasında üçqat dünya çempionu, "AGF Trophy" kubokunun qalibi Kenzo Şirai və dünya çempionu Kadzuma Kayya kimi tanınmış gimnastlar olub.

Qonaqlar məşq zalları, azyaşlı və gənc gimnastlar üçün yaradılmış şəraitlə tanış olublar, onların məşqlərinə baxıblar və yerli məşqçilərlə öz təcrübələrini bölüşüblər.

Yaponiya nümayəndə heyətinin rəhbəri, baş məşqçi Takui Nakasenin sözlərinə görə, məktəbdə yetişən idmançılar üçün əla şərait yaradılıb: "Belə ixtisaslaşdırılmış gimnastika məktəblərinin mövcud olması göstərir ki, Azərbaycanda idmanın bu növü sürətlə inkişaf edir. Onların qısa müddət ərzində yaradılması da vacib göstəricidir və biz balacalar üçün yaradılmış səraiti qiymətləndirdik".

Bakıda keçirilmiş idman gimnastikası üzrə Dünya Kubokunun nəticələrini şərh edən T.Nakase qeyd edib ki, Yaponiya komandası qarşıya qoyulmuş hədəflərə çatıb: "Dünya Kubokunda dörd qızıl medal qazandıq və deyə bilərəm ki, qarşıya qoyulmuş hədəflərə çatdıq. Təəssüf ki, bütün tanınmış idmançılar turnirə gələ bilmədilər, lakim yarışların təşkilatçılıq səviyyəsini müsbət qiymətləndirirəm. Azərbaycanlı gimnastların bütün çıxışlarına baxa bilmədim, ancaq Oleq Stepkonun qollar üzərində çıxışına sonadək baxdım. O, əla çıxış etdi və düşünürəm ki, növbəti çempionatlarda və yarışlarda Stepko gimnastlarımızın əsas rəqiblərindən biri olacaq".

Öz növbəsində, Bakı Gimnastika Məktəbinin direktor müavini Şahin Kazımzadə qeyd edib ki, üçqat dünya çempionu, "AGF Trophy" kubokunun qalibi K.Şirai və müxtəlif mükafatla yiyələnmiş dünya şöhrətli gimnastları qəbul etmək gimnastika məktəbi üçün böyük fəxrdir: "Bu, uşaqlarımız üçün uzun müddət xatırlayacaqları böyük hadisə oldu".

Uşaqlar onlarla məmnuniyyətlə şəkil çəkdirib, öz bacarıqlarını nümayiş etdiriblər. Yaponiyalı gimnastlar onları alqışlayıblar. Yekunda bütün komanda ölkələrinin milli bayrağında imzalarını qoyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti