...

“Formula-1” yarışı ilə əlaqədar Lənkəranda keçirilən çempionatda 200-dən çox məktəbli iştirak edib

İdman Materials 19 Fevral 2018 18:07 (UTC +04:00)
Fevralın 19-da Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda “Formula-1” (F1) çempionatına start verilib.
“Formula-1” yarışı ilə əlaqədar Lənkəranda keçirilən çempionatda 200-dən çox məktəbli iştirak edib

Bakı. Trend:

Fevralın 19-da Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda “Formula-1” (F1) çempionatına start verilib. Trend-in məlumatına görə, çempionat çərçivəsində, həmçinin yol hərəkəti təhlükəsizliyinə dair seminarlar da təşkil olunub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndəsi Sevda Cahangirova bildirib ki, layihənin məqsədi Azərbaycanın regionlarında gənclər arasında “Formula-1” və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır.

Martın 10-dək davam edəcək layihə çərçivəsində keçiriləcək çempionat və seminarlarda Lənkəranla yanaşı Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubanın yuxarı sinif şagirdləri iştirak edəcəklər.

Çempionatın ilk mərhələsində hər regiondan bir qalibin seçiləcəyini, həmin qaliblərin Novruz bayramı ərəfəsində Bakıda təşkil olunacaq final turunda yarışacaqlarını vurğulayan S.Cahangirova yarışın sonunda qaliblərlə yanaşı, final mərhələsinin digər iştirakçılarına da sertifikat və qiymətli hədiyyələrin təqdim olunacağını diqqətə çatdırıb.

İki gün davam edəcək tədbirin birinci günü Lənkəranda ictimaiyyətə açıq “Formula-1” simulyator oyunları və 200 nəfərdən çox IX-XI sinif şagirdləri üçün yol hərəkəti qaydaları ilə bağlı təlim keçirilib.

Azərbaycan Avtomobil Federasiyasının təlimçisi, Azərbaycan Texniki Universitetinin “Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasının dosenti Əlləz Əliyev bildirib ki, “Yol hərəkəti qaydalarını öyrənək” adlı seminarlarda məktəblilərə yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri mövzular haqqında ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Seminarların məktəblilərin yol hərəkəti təhlükəsizliyi ilə bağlı maariflənməsinə töhfə verəcəyini vurğulayan Ə.Əliyev layihənin avtomobil idmanına maraq göstərən azarkeşlərin sayını da artıracağını bildirib.

Qeyd edək ki, layihə çərçivəsində təlim keçmiş şagirdlər fevralın 20-də “Formula-1” simulyator yarışlarında iştirak edəcək və onlar arasında qalib müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti