Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan yeniyetmə soydaşımız Qacar Mirzə Dubay şəhərində keçirilən “Muay Tay Gənclər Çempionatı”nın qızıl medalını qazanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə,15 yaşlı idmançı soydaşımız öz çəki dərəcəsində çempionatın birinci pilləsinə yüksəlmək üçün 3 döyüşdə, yarımfinalda və finalda müvəffəqiyyətlə çıxış edərək, rəqiblərinə qalib gəlib.
Qeyd edək ki, Qacar Mirzə 11 may 2006-cı il tarixində Bakı şəhərində anadan olub. Kiçik yaşlarından idmanın üzgüçülük, güləş və taekvando növləri ilə məşğul olub. Valideynlərinin işi ilə əlaqədar 10 yaşında BƏƏ-yə köçən Qacar “Tiger kickboxing” klubuna daxil olaraq, Muay Tay və kikboksinq idman növləri ilə məşğul olmağa üstünlük verib. Dəfələrlə kikboksinq və Muay Tay üzrə yarışlarda iştirak edib. 2019-cu ildə BƏƏ-də kecirilən “Muay Tay Gənclər Çempionatında” gümüş medal qazanıb. Cəmi iki il sonra idman aktivinə qızıl medal əlavə edib.