...

Gimnastlarımız İsraildə keçirilən Avropa çempionatından dörd medalla qayıdıblar (FOTO)

İdman Materials 20 İyun 2022 23:48 (UTC +04:00)
Gimnastlarımız İsraildə keçirilən Avropa çempionatından dörd medalla qayıdıblar (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Təl-Əvivdə (İsrail) keçirilən Avropa çempionatında uğurla çıxış edən bədii gimnastika üzrə Azərbaycan yığması Vətənə medallarla qayıdıb.

Trend-in məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, həmkarları, idman ictimaiyyətinin nümayəndələri, habelə qohumları və yaxınları qarşılayıblar.

Xatırladaq ki, iyunun 15-19-da Təl-Əvivdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan komandası dörd bürünc medal qazanıb. Beləliklə, gürzlərlə hərəkətdə azərbaycanlı gənc gimnast Kamilla Qafarova bürünc medal qazanıb. Azərbaycan komandası qrup hərəkətlərində - çoxnövçülükdə, beş halqa ilə proqramda və üç lent və iki topla hərəkətdə üç bürünc medal qazanıb.

Azərbaycan komandasının heyətində Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina yer alıb.

İdmançılar vətənə gəldikdən sonra media nümayəndələri ilə yarışlarda iştirakla bağlı təəssüratlarını bölüşüblər.

Qrup hərəkətləri üzrə komanda üzvlərinin sözlərinə görə, onlar Vətənə medallarla qayıtmaqdan xoşbəxtdirlər.

"Hər bir idman mükafatı kimi, Avropa çempionatında qazandığımız medalların arxasında böyük zəhmət və gərgin məşq dayanır. Azərbaycan Gimnastika Federasiyasına, məşqçilərimizə, bizimlə çalışan hər kəsə və təbii ki, böyük dəstəyə görə valideynlərimizə dərin təşəkkürümüzü bildiririk. Bu dəstək bizə güc verir, ona görə də mükafatlarımız ümumi uğurdur. Bundan sonra da Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq”, - deyə komandanın üzvü, gimnast Zeynəb Hümmətova bildirib.

Qrup hərəkətləri üzrə komandamızın üzvü Güllü Ağalarzadənin qeyd edib ki, hər bir yarış son dərəcə həyəcanlıdır, çünki idmançılar öz döğma ölkələrini təmsil edirlər:

"Biz fəxr edirik ki, Azərbaycanı Avropa çempionatında layiqincə təmsil etdik. Biz bundan sonra da yaxşı nəticələr göstərmək və fəxri kürsünün ən yüksək pillələrinə yüksəlmək üçün çox çalışacağıq".

Gimnastımız Kamilla Qafarova bildirib ki, bu, onun idman karyerasında ilk Avropa çempionatıdır:

"Çempionat mənə böyük təcrübə qazandırdı. Çox şadam ki, ləyaqətlə çıxış etdim və ölkəmə medal gətirdim. Etiraf edirəm ki, çempionatda rəqiblər güclü idi, İtaliya və Bolqarıstandan olan gimnastları xüsusi qeyd edə bilərəm".

Qeyd edək ki, böyüklər yaş kateqoriyasında Avropa çempionatında Zöhrə Ağamirova və Arzu Cəlilova fərdi proqramda iştirak ediblər. Çoxnövçülükdə finalda (dörd hərəkətin cəmi - halqa, top, gürzlə və lentlə hərəkətlər) Z.Ağamirova doqquzuncu, A.Cəlilova isə onuncu yeri tutub. Ayrı-ayrı növlər üzrə fərdi proqramın finalında Zöhrə Ağamirova topla hərəkətdə səkkizinci, gürzlər proqramında altıncı, Arzu Cəlilova lentlə hərəkətdə isə səkkizinci yeri tutub.

Kamilla Qafarova gürzlərlə hərəkətlərdə üçüncü yeri tutmaqla yanaşı, halqa ilə hərəkətdə altıncı yeri tutub. Gənc gimnastımız Alina Məmmədova topla hərəkətdə altıncı, Mədinə Dəmirova isə lentlə hərəkətdə yeddinci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti