Bakı. Trend:
Azərbaycanın sərbəst güləşçiləri Belarusun paytaxtı Minskdə keçirilən üçqat olimpiya çempionu Aleksandr Medvedin xatirə turnirində uğurla çıxış ediblər.
Trend xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının məlumatına görə, ölkəmizi turnirdə məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 7 idmançı təmsil edib. Onlar ümumilikdə 1 gümüş və 2 bürünc medal qazanıblar.
74 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov və Qadjimurad Omarov yarımfinala qədər irəliləyiblər. Bayramov belaruslu Nikita Dmitriyev və qazaxıstanlı Erbarıs Satıbaldı üzərində inamlı qələbələr qazansa da, yarımfinalda rusiyalı İnalbek Şeriyevə məğlub olub (2:5). Bürünc medal uğrunda mübarizədə isə rusiyalı Kantemir Senovu 3:2 hesabı ilə məğlub edərək üçüncü olub.
Qadjimurad Omarov isə rusiyalı İmam Qanişov (6:1) və belaruslu Yeqor Akuliniçi (6:3) üstələyərək finala vəsiqə qazanıb. Lakin həlledici görüşdə Şeriyevə uduzub (3:11) və gümüş medalla kifayətlənib.
92 kq çəki dərəcəsində mübarizə aparan Şamil Zubairov 1/8 finalda rusiyalı Mustafaqadji Malaçdibirova məğlub olsa da (4:6), təsəlliverici görüşdə belaruslu Artyom İqnatyuku (13:1), bürünc medal qarşılaşmasında isə rusiyalı Abdulla Qamzatovu (4:3) məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Digər təmsilçilərimizdən Əfqan Xaşalov (57 kq), Musa Ağayev (65 kq), Timur Gülmaqomedov (86 kq) və İslam İlyasov (97 kq) turniri medalsız başa vurublar.