Bakı. Trend:
Azərbaycan Prezidentinin fərmanı əsasında yaradılmış və 2011-ci ildən fəaliyyətə başlamış Vergilər Nazirliyinin Tədris Mərkəzi insan resurslarının inkişaf etdirilməsini, kadrların peşə hazırlığının müasir səviyyəyə yüksəldilməsini daim diqqət mərkəzində saxlayır. Müsahibimiz Tədris Mərkəzinin rəisi Əli Həsənovdur.
- Əli müəllim, rəhbərlik etdiyiniz mərkəzin 5 illik fəaliyyətinə nəzər salanda statistik mənzərə necə görünür?
- Bu illər ərzində mərkəzdə tədris və təlimin inkişafında müsbət dinamika müşahidə edilir. Məsələn, 2011-ci ildə qısamüddətli təlimlərə 265 nəfər əməkdaş cəlb edilmişdisə, 2015-ci ildə bu rəqəm 1988 olmuşdur. İxtisasartırma kursları üzrə tədris kurslarına 2011-ci ildə 59 nəfər əməkdaş cəlb edilmişdirsə, 2015-ci ildə 398 nəfər əməkdaş müxtəlif fəaliyyət istiqamətləri üzrə kurslarda iştirak etmişdir. Ştajçı əməkdaşların sayında azalma olmuşdur, bu göstərici 2011-ci ildə 149 nəfərdən 2015-ci ildə 126 nəfərə enmişdir.
Vergi orqanı əməkdaşları üçün tədrisin kifayətlilik göstəricisi kimi bir təqvim ili ərzində bir orta statistik vergi işçisinə düşən tədris günlərinin sayı əsas götürülür. 2015-ci ildə Tədris Mərkəzi tərəfindən təşkil edilən təlimlər üzrə kifayətlilik göstəricisi 7,1 adam-gün (fond hesabına saxlanılan müfəttişlər nəzərə alınmadan) olmuşdur. Müqayisə üçün qeyd edək ki, 2011-ci il ərzində həmin göstəricinin illik qiyməti 3,2, 2012-ci ildə 3,7, 2013-cü ildə isə 4,7, 2014-cü ildə isə 7,2 adam-gün olmuşdur. 2016-cı ilin birinci yarımillyi ərzində bu göstərici 4 adam-gün olmuşdur.
- Tədris Mərkəzi həm də nazirlik miqyasında keçirilən iri tədbirlərin ünvanıdır...
- Tədris Mərkəzində aparılmış yenidənqurma işlərindən sonra burada müxtəlif tədbirlər keçirilmişdir. 2015-ci il iyunun 5-də “Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Yenə həmin il 9-11 sentyabr tarixlərdə nazirliyimizin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə əməkdaşlığı çərçivəsində “Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu” keçirilmişdir. Forumda Azərbaycan daxil olmaqla 26 ölkənin 50-yə yaxın nümayəndəsi iştirak etmişdir.
"İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək" Tvinninq layihəsi çərçivəsində Vergilər Nazirliyinin Tədris Mərkəzində 2-4 noyabr və 5-6 noyabr 2015-ci il tarixlərdə "Heyətin idarə edilməsi" mövzusunda təlimi keçirilmişdir.
Bu ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin, AMEA-nın Tarix İnstitutunun, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda III Beynəlxalq elmi konfransı Tədris Mərkəzində davam etdirilmişdir.
“İnsan resurslarının inkişafı üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” Tvinninq Layihəsi çərçivəsində Tədris Mərkəzinin əməkdaşları üçün 19-21 aprel 2016-cı il tarixlərdə “Təlimçilər üçün təlim” mövzusunda təlim aprılmışdır.
Vergilər nazirinin əmri ilə təsdiq edilmiş “2013-2020-ci illərdə Vergi sisteminin İnkişaf Strategiyası”nda əsas strateji məqsədlərdən biri kimi bələdiyyələrə yerli vergilərin və ödənişlərin düzgün hesablanması, tam və vaxtında ödənilməsi, habelə vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsi sahəsində metodiki rəhbərlik edilməsi nəzərdə tutulmuşdur. Bələdiyyələrin Vergi İnformasiya Sistemi proqram təminatından istifadə ilə bağlı biliklərinin artırılması və bu sahədə qarşılaşdıqları problemlərin həlli məqsədilə, proqramın tətbiq edildiyi bələdiyyələrin nümayəndələri ilə 4-5 iyul 2016-ci il tarixlərdə “Yerli (bələdiyyə) vergilərin və ödənişlərin hesablanması və ödənilməsi. Bələdiyyələrin Vergi İnformasiya Sistemində iş prosedurları” mövzusunda təlim keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təçkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 2 iyul 2016-cı il tarixdə “AVİS-in müvafiq bölməsindən istifadə qaydaları” mövzusunda icra məmurları üçün təlim təşkil edilmişdir...
- Vergi təlim və tədris prosesinin təkmilləşdirilməsi üçün nə kimi tədbirlər görülür?
-Vergilər nazirinin 18 mart 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş “Vergi orqanı əməkdaşlarının və vergi orqanlarına işə qəbul olunan şəxslərin sahələr üzrə sertifikatlaşdırılması barədə Tədbirlər Planı”nda sahələr üzrə təlim proqramlarının, proqrama daxil ediləcək mövzular üzrə təlim materiallarının və test bazasının hazırlanması kimi tapşırıqların icra edilməsi nəzərdə tutulmuşdur.
Tədris Mərkəzinin Vergilər Nazirliyinə müraciəti əsasında təqdim edilmiş qrafikə uyğun olaraq mütəxəssislər cəlb edilmiş, test bazası tamamilə yenilənmiş və ekspertizası keçirilmişdir.
“Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili Qaydaları”na əsasən, AVİS-in “Tədris” altsistemi və Vergilər Nazirliyinin “E-Kitabxana” altsisteminin “E-öyrənmə” bölməsi üzrə dəyişikliklər edilməsi də nəzərdə tutulmuşdur.
Keçən ay təsdiqlənmiş “Vergilər Nazirliyinin Tədris Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı”nda tədris fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki təchizatın gücləndirilməsi və sosial təminatın yaxşılaşdırılması məsələləri üzrə bir sıra tədbirlərin reallaşdırılması nəzərdə tutulur.
- Mərkəzdə təşkil edilən tədris kurslarının ümumi nəticələri haqqında nə deyə bilərsiniz?
-Vergilər nazirinin 13 may 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili qaydaları” dövlət vergi orqanlarının vəzifəli şəxslərinin, habelə dövlət vergi orqanlarına staj və sınaq müddətinə qəbul edilmiş şəxslərin peşə hazırlığının planlaşdırılmasını, təşkilini və nəticələrinin qiymətləndirilməsi prosedurlarını müəyyən edir.
Mərkəzdə tədris kursları iki hissədən: ixtisasartırma təhsili və qısamüddətli təlimlərdən ibarətdir.İxtisasartırma təhsili peşə fəaliyyətinin ümumi əsasları; ixtisas sahələri (fəaliyyət sahələri); innovasiyalar kimi təlim modulları üzrə həyata keçirilir.
Qısamüddətli təlimlər Vergilər Nazirliyinin struktur vahidləri və bölmələrinin müvafiq struktur vahidinə müraciəti, eləcə də müvafiq struktur vahidin təşəbbüsü ilə təlimin gündəliyi əsasında Nazirliyin elektron kitabxanasınin “Onlayn təlim” sistemində və ya Tədris Mərkəzində təşkil edilir.
Bu günə qədər “Peşə fəaliyyətinin ümumi əsasları” təlim bloku üzrə 3 təlim kursu təşkil edilmiş və bu təlimlərə 60 nəfər stajçı əməkdaş cəlb edilmişdir.
İxtisas sahələri (fəaliyyət sahələri) modulunun məqsədi əməkdaşların fəaliyyət sahələri üzrə bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini təmin etməkdir.
“Dövlət vergi orqanlarında icra intizamına nəzarət və kargüzarlıq işinin təşkili” və “Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət işlərinin təşkili” ixtisas (fəaliyyət) sahələri üzrə iki ixtisasartırma təlimi keçirilmişdir və bu təlimlərə 24 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir.
Müvafiq fəaliyyət sahəsi üzrə təlimlər ixtisasartırma təhsilinin “İxtisas sahələri üzrə təlim modulu” çərçivəsində təşkil edilir.
“İnnovasiya”lar təlim prosesində yeni istiqamətdir. Əsas məqsəd əməkdaşların daim dəyişən və yeniləşən iş şəraitinə uyğunlaşmasını, yeniliklərin mənimsənilməsini, idarəetmə qabiliyyətlərinin yüksəldilməsini, yeni texnologiyalar və texniki vasitələrlə iş vərdişlərinə yiyələnməsini təmin etməkddir.
Bu istiqamətdə təlimlərin keçirilməsi məqsədilə Nazirliyin müxtəlif strukturlarından təkliflər daxil olmuşdur. İlk təlim 18-19 avqust 2016-cı il tarixdə keçirilmişdir və ilin sonuna qədər daha bir-neçə təlim keçiriləcəkdir.
- Hazırda əməkdaşların sertifikatlaşdırılması ilə bağlı təlimlər aparılır. Bu sahədə vəziyyət necədir?
- 2016-cı il ərzində bu günə qədər sertifikatlaşdırılma ilə əlaqədar operativ vergi nəzarəti, vergi ödəyicilərinin uçotu və qeydiyyatı, vergi borclarının alınması, vergi auditi, vergi cinayətlərinin ibtidai araşdırılması və bəyannamələrin kameral yoxlanılması sahələri üzrə Vergilər Nazirliyinin elektron kitabxanasında “Vergi qaninvericiliyi” təlim bloku üzrə 16 onlayn təlim keçilmiş, bu təlimlərə 374 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir.
Bu təlim bloku sertifikatlaşdırılma prosesinin birinci mərhələsidir. İlk mərhələni uğurla keçən əməkdaşlar müvafiq fəaliyyət sahələri üzrə “Vergi inzibatçılığı” təlim bloku üzrə ikinci mərhələyə dəvət edilirlər. Birinci mərhələdən uğurla keçmiş 146 nəfər ikinci mərhələyə təlimlərə cəlb olunmuşdur.
Hər iki mərhələni uğurla keçmiş 125 nəfərə üç dərəcə üzrə sertifikatlar verilmişdir. 50 nəfər əməkdaş birinci dərəcəli sertifikat almışdır.
- Tədris prosesində istifadə olunan təlim metodları və onların fərqləndirici xüsusiyyətləri hansılardır?
- Təlim prosesində passiv, aktiv və interaktiv təlim metodlarından istifadə olunur. Mərkəzdə ən geniş yayılmış “açıq səma”, “konkret halların təhlili”, “ kiçik qruplarda (komandada) iş, “beyin həmləsi”, “rollar və işgüzar oyunlar”, debat”, “diskussiya”, “sual-cavab”, “təcrübə əsasında öyrənmə” və “dəyirmi masa” kimi təlim metodlarından geniş istifadə edilir.
Hər bir metodun özünəməxsus xüsusiyyəti var. Mühazirə və praktiki məşğələlər zamanı mövzunun xüsusiyyətindən asılı olaraq metodlar seçilir və tətbiq edilir. Yay ayları olduğu üçün “açıq səma” metodundan geniş istifadə edilir.
- Vergi sistemində tədrisin keyfiyyəti necə müəyyənləşdirilir? Son dövrlər tətbiq olunan ilkin və yekun qiymətləndirmənin nəticələri barədə nə deyə bilərsiniz?
- Təlimlərin qiymətləndirilməsi iki mərhələdə aparılır. Birinci mərhələdə kursun bitməsindən sonrakı həftə ərzində iş yerində dinləyicilərin təlimdən məmnunluq səviyyəsinin qiymətləndirilməsi üçün sorğunun aparılması nəzərdə tutulur. Bu mərhələdə dinləyicilərin təlimin təşkili, təlim materialları, biliklərin qiymətləndirilməsi və təlimçilərin təlim qabiliyyətləri barədə rəyləri və təklifləri öyrənilir.
İkinci mərhələ təlimdən altı ay sonra aparılır. Bu mərhələdə təlimin nəticələrinin ümumi fəaliyyətə təsirinin qiymətləndirilməsi üçün təlim prosesində verilən biliklərin dinləyicilərin və struktur vahidinin fəaliyyət nəticələrinə təsirinin qiymətləndirilməsi, eləcə də təlimlərin təkmilləşdirilməsinə dair təkliflərin alınması məqsədilə həm dinləyicilər, həm də onların birbaşa rəisləri (şöbə və bölmə rəisləri) arasında sorğuların aparılması nəzərdə tutulur.
“Peşə fəaliyyətinin ümumi əsasları” və “İxtisas sahələri (fəaliyyət sahələri)” üzrə keçirilən hər təlim prosesi zamanı dinləyicilərin bilik və peşə hazırlığı səviyyəsinin ilkin və yekun qiymətləndirilməsi aparılır.
- Ənənəvi son sual: Tədris Mərkəzinin qarşısında duran əsas məsələlər, yeni layihələr?
- İlk növbədə, sertifikatlaşdırma təlimlərini uğurla başa çatdırmaq, vergi sisteminə peşəkar kadrların verilməsi istiqamətində tədbirləri həyata keçirmək niyyətindəyik. İxtisas (fəaliyyət) sahələri üzrə, peşə fəaliyyətinin ümumi əsasları üzrə təlimləri də davam etdiririk. Büdcədənkənar fond hesabına saxlanılan müfəttişlər üç günlük əyani təlimlərə cəlb edilir.
Vergilər Nazirliyi əməkdaşlarının peşə hazırlığı prosesində elektron təhsil (e-learning) sisteminin tətbiq edilməsi məqsədilə oktyabrın 7-də “Vergi sahəsində kadr hazırlığı: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirməyi nəzərdə tuturuq.
“Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan”da əsas istiqamətlərdən biri Tədris Mərkəzinin bazasında Regional Tədris Akademiyasının yaradılmasıdır.
Azərbaycan Respublikası Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamında nəzərdə tutulan istiqamətlər üzrə yerli və beynəlxalq strukturlarla əməkdaşlıq, mütəmadi olaraq yerli və beynəlxalq ekspertləri cəlb etməklə əməkdaşların fəaliyyət sahələrinə uyğun olaraq təlimlərin təşkili, vergi ödəyiciləri ilə görüşlərin təşkili və onları maraqlandıran mövzular üzrə təlimlərin keçirilməsi, vergi sisteminin inkişafı və hüquqi təminatına dair aktual elmi-tədqiqat və araşdırma işlərinin aparılması nəzərdə tutulur. Həmçinin yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili, işə qəbul prosesində sual bazasının hazırlanması, təlim tələbatlarının öyrənilməsi, metodiki kabinetlərin ehtiyaclarının öyrənilməsi və onların təminatı, tədris prosesinin tam avtomatlaşdırılması, təlimçilərin seçilməsi və onlara təlimlərin keçirilməsi, vergi siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar qəbul edilmiş yeniliklər üzrə innovativ təlimlərin təşkili (“Tax free” sisteminin tətbiqi, risklərin idarə edilməsi, e-audit sisteminin tətbiqi və s.), infrastrukturun yenilənməsi və d. istiqamətlərdə tədbirlərin keçirilməsi də planlaşdırılıb.