...

Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin standartları Azərbaycanda tətbiq ediləcək

İqtisadiyyat Materials 17 Noyabr 2016 13:07 (UTC +04:00)
Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin standartları Azərbaycan ərazisində tətbiq ediləcək.
Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin standartları Azərbaycanda tətbiq ediləcək

Bakı. Trend:

Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin standartları Azərbaycan ərazisində tətbiq ediləcək.

Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmiləri ilə Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin nümayəndə heyəti arasında görüş keçirilib. Komitənin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Sınaq və Materiallar üzrə Amerika Cəmiyyəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması məsələsi görüşün əsas müzakirə mövzusu olub.

Müzakirələrin nəticəsində hər iki qurum arasında Anlaşma Memorandumunun imzalanmasına dair razılıq əldə edilib. İmzalanacaq Memorandum layihəsində Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin hazırladığı standartların Azərbaycan ərazisində tətbiq edilməsi, standatların işlənməsinə dair beynəlxalq təcrübənin öyrənilməsi və yerli kadrların bilik və bacarıqlarının artırılması üçün müvafiq sahədə ortaq treninqlər və təlimlərin, eləcə də ekspertlərin qarşılıqlı səfərlərinin təşkil edilməsi kimi məsələlər öz əksini tapıb.

Qeyd edək ki, Sınaq və Materiallar üzrə Amerika Cəmiyyəti 1898-ci ildə Amerika Birləşmiş Ştatlarında yaradılmış beynəlxalq qeyri-hökumət təşkilatıdır. Təşkilat materiallar, məhsullar, sistem və xidmətlər üzrə könüllü standartların işlənib hazırlanması ilə məşğul olur. Təşkilatın standartları Ümumdünya Ticarət Təşkilatının prinsipləri əsasında hazırlanır. Cəmiyyətin hazırladığı 12000-dək bazaryönümlü standartdan 5000-i dünyanın 60-dək ölkəsində milli standart kimi qəbul edilib. Təşkilatda 140 ölkədən 32000-dək biznes qurumu, istehlakçı birlikləri, elmi müəssisələr təmsil olunur. Eyni zamanda təşkilatda 140 adda standartlaşdırma üzrə texniki komitə fəaliyyət göstərir. Texniki komitələr metal konstruksiyaları, neft, istehlak malları, eləcə də nanotexnologiyalar və sənaye biotexnologiyaları sahələri üzrə ixtisaslaşıblar. Təşkilatın mənzil qərargahi Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında yerləşir və Belçika, Çin, Kanadada regional mərkəzləri fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti