...

Bu il sahibkarlara 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur

İqtisadiyyat Materials 16 Fevral 2017 18:09 (UTC +04:00)
Sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair bu ilin ilk işgüzar forumu keçirilib
Bu il sahibkarlara 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ötən illərdə olduğu kimi, 2017-ci ildə də sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sahibkarlığa Kömək Milli Fondu bu sahədə 2017-ci ilin ilk işgüzar forumunu bu gün Şəmkir rayonunda keçirib.

200-ə yaxın sahibkarın iştirakı ilə keçirilən forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq, aqroparkın, kartof və soğan saxlama anbarının, quru meyvə istehsalının, kiçik və orta həcmli istixana, intensiv üzümçülük və kartofçuluq təsərrüfatlarının və dəyirmanın yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 270 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, üzümçülük, bağçılıq, tərəvəzçilik sahələrin inkişafına yönəldiləcək.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2016-cı ildə sahibkarlıq subyektlərinin 2500-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 190 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. 2017-ci ildə sahibkarlara geri qaytarılan vəsaitlər hesabına 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Fond bu il qeyri-neft məhsullarının istehsalının artırılması, iqtisadiyyatın real sektorunda investisiya layihələrinin maliyyələşdirilməsi, logistik mərkəzlərin, ixtisaslaşdırılmış “yaşıl market”lərin, aqroparkların, cins iri buynuzlu heyvandarlıq (ətlik və südlük) və istixana komplekslərinin, iri fermer, intensiv bağçılıq (üzüm, alma, nar, zeytun və s.) və quşçuluq təsərrüfatlarının yaradılması, ət kəsimi və emalı, qarışıq yem və çörək istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələrin maliyyələşdirilməsi, eləcə də kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Forum çərçivəsində Şəmkir rayonunda dövlətin güzəştli krediti ayrılan “Şəmkir Aqropark”da aparılan işlərə baxış keçirilib. Hazırda “Şəmkir Aqropark”da 1-ci mərhələ üzrə işlər davam etdirilir. Xaçmaz rayonunda yerləşən “Yalama Aqropark”ında isə 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. Digər regionlarda da aqroparklar yaradılır. Ümumilikdə, 6 aqroparkın yaradılmasına 48 milyon manat güzəştli kredit verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti