...

“İdeyadan biznesə doğru” müsabiqəsinə yekun vurulub (FOTO)

İqtisadiyyat Materials 30 Oktyabr 2017 19:23 (UTC +04:00)
“İdeyadan biznesə doğru” müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.
“İdeyadan biznesə doğru” müsabiqəsinə yekun vurulub (FOTO)

Bakı. Trend:

Yevlaxda Aran Regional İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyinin biznes inkubator iştirakçıları arasında elan etdiyi “İdeyadan biznesə doğru” müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə nazirliyin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Yevlax Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının nümayəndələri, biznes inkubator iştirakçıları və Yevlax şəhərində fəaliyyət göstərən gənc sahibkarlar və menecerlər iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə davamlı və dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin daha da genişləndiyini vurğulayıb. Nazir müavini gənclərin məşğulluğunun təmin edilməsinə və sosial məsələlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, biznes inkubatorlar gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında və digər sənədlərdə ölkədə biznes inkubatorların yaradılması və inkişaf etdirilməsi öz əksini tapıb. İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz və Aran Regional İnkişaf Mərkəzlərində yaradılmış biznes inkubatorların fəaliyyəti gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verir. Bildirilib ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun 20 məzunundan 14-ü artıq kənd təsərrüfatı (bitkiçilik, heyvandarlıq, quşçuluq, arıçılıq), kənd turizmi, innovasiya mərkəzinin yaradılması, konsultativ biznes və s. sahələr üzrə öz bizneslərini yaratmış və hazırda gənc sahibkar kimi fəaliyyət göstərirlər. Biznes inkubatorların digər iştirakçıları da öz bizneslərinin təşkili üzərində çalışırlar.

“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə qadınlar üçün biznes inkubatorların yaradılması barədə müəyyən edilmiş istiqamətə uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq işlərin görüldüyü bildirilib. Qeyd olunub ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun 2 qadın iştirakçısı xalq sənəti məhsulları istehsalının təşkili üzrə fəaliyyət göstərir. Xalçaçılıq üzrə təşkil edilmiş Tədris Mərkəzinə artıq region üzrə xalçaçılıq sənətini öyrənmək istəyən 12 qadın cəlb olunub. Biznes inkubatorda xalq sənəti olan xalçaçılığın sirlərinin dərindən öyrənilməsi üçün hər cür şərait yaradılıb, tədris üçün zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahəsi ayrılıb. Hazırda Tədris Mərkəzinin dinləyiciləri xalçaçılıq sənətinin sirlərini öyrənməklə yanaşı, xalçaçılıq məhsullarının istehsalı ilə də məşğul olurlar. Biznes inkubatorun digər rezidenti - gənc əlil qadın isə dekorativ sənət və rəssamlıq məhsullarının istehsalı üzrə fəaliyyət göstərir. İstehsal olunmuş dekorativ sənət və rəssamlıq məhsullarının artıq satışa çıxarılması nəzərdə tutulur.

Regional inkişaf mərkəzlərində qadınlar üçün biznes inkubatorların yaradıldığını vurğulayan Sahib Məmmədov təşəbbüskar qadınları biznes inkubatorlarda fəal iştiraka dəvət edib.

Qeyd olunub ki, biznes inkubatorlarda treninqlərin, beynəlxalq ekspertlərin iştirakı ilə seminarların, biznes ideyalar müsabiqəsinin və digər tədbirlərin keçirilməsi, davamlı olaraq məsləhət xidmətlərinin göstərilməsi və s. tədbirlər biznes inkubator iştirakçılarının sahibkar kimi formalaşmasında əhəmiyyətli rol oynayır və bu işlər hazırda da davam etdirilir.

Bununla yanaşı, sahibkarlıq fəaliyyəti ilə gənclərə güzəştli maliyyə göstərilir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 5500-dək gənc sahibkara 398.5 milyon manat güzəştli kredit verilib, bu kreditlər hesabına 17 mindən çox yeni iş yerləri yaradılıb.

“İdeyadan biznesə doğru” müsabiqənin keçirilməsində də məqsəd biznes inkubator iştirakçılarının sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, gənc sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi, daha perspektivli və innovativ biznes ideyaların müəyyən edilməsi və onların həyata keçirilməsinin stimullaşdırılmasıdır.

İqtisadiyyat Nazirliyinin, “ASAN Xidmət”in, Azərbaycan Gənclər Fondunun, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının nümayəndələri və digər iştirakçılar çıxışlarında gənclərin hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğunu, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin daha da genişləndiyini bildiriblər. Qeyd edilib ki, ölkəmizdə aparılan davamlı islahatlar Azərbaycan gəncliyinin inkişafı üçün yeni imkanlar yaradır.

Tədbirdə regionlarda qadın sahibkarlığının inkişafı, gənclərin məşğulluğunun artırılması və bu sahədə sahibkarlığın rolunun gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonra Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator iştirakçıları arasında ən yaxşı biznes ideyaların müəyyən edilməsi məqsədi ilə keçirilən “İdeyadan biznesə doğru” müsabiqəsinin qalibləri elan olunub, onlara mükafatlar təqdim edilib. Bundan başqa, biznes inkubatorun 21 iştirakçısı təlimlərdə fəal iştiraka görə sertifikatlara layiq görülübkər.

Müsabiqə qalibləri, gənc sahibkarlar çıxış edərək onlara yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti