...

Bu il 57 rayon və şəhərdə əmək yarmarkaları keçirilib (FOTO)

İqtisadiyyat Materials 27 Dekabr 2017 17:20 (UTC +04:00)
Bu il Dövlət Məşğulluq Xidməti 57 rayon və şəhərində əmək yarmarkaları keçirib
Bu il 57 rayon və şəhərdə əmək yarmarkaları keçirilib (FOTO)

Bakı. Trend:

2017-ci ildə Dövlət Məşğulluq Xidməti tərəfindən 57 rayon və şəhərdə əmək yarmarkaları təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, tədbirlərdə aidiyyəti rayon və şəhərlərdə fəaliyyət göstərən müəssisələr üzrə boş (vakant) iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunub. Yarmarkalar zamanı 4 min nəfərə yaxın şəxsə seçdikləri və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun olan vakant iş yerlərinə göndərişlər verilib. Onlardan 100 nəfərə qədəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər olub ki, həmin şəxslər işlə təmin olunmaq üçün kvota əsasında ayrılmış iş yerlərinə göndəriliblər. Əmək yarmarkalarında göndəriş verilən şəxslərdən bu günədək artıq 88 faizi göndərildikləri iş yerlərində işlə təmin ediliblər.

Qeyd olunan aktiv məşğulluq tədbirlərində həmçinin 114 nəfər vətəndaşa haqqı ödənilən ictimai işlərə göndəriş verilib. Peşə və ixtisası olmadığı üçün özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə və ixtisasına uyğun gələn iş tapa bilməyən, bu səbəbdən yeni peşəyə yiyələnmək istəyən 245 nəfər şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Cari ildə Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində yerləşən ümumilikdə 10 ali təhsil müəssisəsində tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri də təşkil olunub. Bu tədbirlərdə tələbə və məzunlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə müvafiq ixtisaslar üzrə kadrların seçimini aparmaq imkanı yaradılıb, həmçinin boş (vakant) iş yerlərinə göndərişlər verilib, ixtisasartırma kurslarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.

Ümumilikdə bu ilin 11 ayında Dövlət Məşğulluq Xidməti 46 048 nəfər şəxsi münasib işlərlə, 1143 nəfər şəxsi isə haqqı ödənilən ictimai işlərlə təmin edib. Xidmətin xətti ilə 3226 nəfər şəxs, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən isə 285 nəfər gənc peşə hazırlığı kurslarına qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti