Bakı. Vüqar İmanov - Trend:
Yanvarın 16-da Azərbaycanın paytaxtı Bakıdan Bolqarıstanın paytaxtı Sofiyaya ilk birbaşa aviareys yola düşüb.
Trend-in məlumatına görə, ilk birbaşa aviareysin açılışında Azərbaycanın baş naziri Artur Rasizadə və Bolqarıstanın baş naziri Boyko Borisov iştirak ediblər.
Bakı və Sofiya arasında birbaşa aviareysin açılması barədə razılaşma Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev arasında danışıqlar çərçivəsində əldə olunub.
Bolqarıstanın paytaxtı Sofiya, Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti "Buta Airways"in birbaşa uçuşlar yerinə yetirəcəyi Avropa İttifaqında ilk ölkə olub. Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətləri kimi 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə çərşənbə axşamları həyata keçiriləcək.
Qeyd edək ki, “Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.