...

Nüfuzlu "Fortune" jurnalı Türkiyənin ən güclü 50 baş maliyyə inzibatçısı siyahısına həmyerlimizin adını daxil edib

İqtisadiyyat Materials 8 May 2018 11:54 (UTC +04:00)
Nüfuzlu "Fortune" jurnalı 2018-ci ildə Türkiyənin ən güclü 50 baş maliyyə inzibatçısının (CFO) siyahısını dərc edib.
Nüfuzlu "Fortune" jurnalı Türkiyənin ən güclü 50 baş maliyyə inzibatçısı siyahısına həmyerlimizin adını daxil edib

Bakı. Trend:

Nüfuzlu "Fortune" jurnalı 2018-ci ildə Türkiyənin ən güclü 50 baş maliyyə inzibatçısının (CFO) siyahısını dərc edib.

Trend-in "CNN Türk"ə istinadən yaydığı məlumata görə, sevindirici haldır ki, bu siyahıya həmyerlimiz Elçin İbadov da daxil olub.

Qeyd edək ki, Elçin İbadov builki araşdırmada Türkiyənin ən güclü 50 baş maliyyə inzibatçısı adına layiq görülən yeganə azərbaycanlıdır.

Elçin Telman oğlu İbadov hal-hazırda SOCAR-ın İqtisadiyyat Nazirliyi ilə birgə Türkiyədə qurmaqda olduğu STAR Neftayırma zavodunun baş maliyyə inzibatçısı vəzifəsində çalışır. O, Çikaqo İllinois Universiteti məzunudur. İş həyatına 2002-ci ildə Çikaqoda Dünya Ticarət Mərkəzində iqtisadi təhlil mütəxəssisi kimi başlayıb. 2003-2014-cü illər arasında, 11 il "PricewaterhouseCoopers" şirkətində çalışıb. Elçin İbadov 2014-cü ildən etibarən STAR Neftayırma Zavodunun maliyyə işlərinə rəhbərlik edir.

Elçin İbadov iqtisadiyyat, maliyyə, mühasibatlıq, maliyyə hesabatları, investisiya, maliyyə təhlili, audit və s. sahələr üzrə 11 müxtəlif kitabın müəllifi və tərcüməçisidir. O, peşəkar fəaliyyəti ilə yanaşı, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Xəzər Universiteti və Qərb Universitetində tədris fəaliyyəti ilə də məşğul olub.

Qeyd edək ki, nüfuzlu "Fortune" jurnalı artıq üçüncü dəfədir ki, Türkiyənin ən güclü 50 baş maliyyə inzibatçısının adlarını açıqlayır. Dərgi bu siyahının tərtibi zamanı baş maliyyə inzibatçılarının şirkətin strategiyasında aktiv rolunu nəzərə alır.

Maliyyə dünyası hər gün artan risklər və qeyri-müəyyənliklər nəticəsi olaraq daha aktiv və düzgün idarəetməni tələb edən bir sahədir. Rəqəmsallaşma, bazarın sürətli inkişafı, makroiqtisadi problemlər və dəyişən bazarların mövcudluğu, qlobal rəqabətin şiddətləndiyi bir vaxtda şirkətlərin davamlı nailiyyətləri və gələcək strategiyaları CFO-ların verdiyi qərarların nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Bütün bunları əsas gətirən nüfuzlu "Fortune" jurnalı bəyan edib ki, budəfəki araşdırmada 1000-dən çox şirkətin maliyyə göstəriciləri və baş maliyyə inzibatçılarının əhəmiyyətli meyarlarla bağlı uğurlarının effektivliyi qiymətləndirilib. "Əgər bir il əvvəlki siyahının tərtibində maliyyə və siyasi qeyri-müəyyənlik kontekstində CFO-ların fəaliyyəti dəyərləndirilibsə, bu dəfə araşdırmalarda CFO-ların fəaliyyətinin şirkətin dəyər yaratma və strategiyalarının müəyyənləşməsində aktiv roluna xüsusi diqqət yetirilib. Siyahıda araşdırmanın aparıldığı sahələrinin çoxluğu və araşdırmanın nəticələrinə maraq böyük olduğundan Türkiyədə bu siyahının tərtibi ənənə halını alıb", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, mayın 15-də "CFO Summit 2018"də 50 baş maliyyə inzibatçısının mükafatlandırılma mərasimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti