...

Azərbaycan-Serbiya iqtisadi əlaqələri müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 24 Dekabr 2018 16:30 (UTC +04:00)
Şahin Mustafayev Serbiyanın Baş nazirinin müavini, Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan-Serbiya iqtisadi əlaqələri müzakirə edilib (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Serbiyanın Baş nazirinin müavini, Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə Serbiya nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Ş.Mustafayevin Serbiyanın Baş nazirinin müavini, Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçlə görüşündə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb.

Nazir qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin, siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir. Azərbaycan və Serbiya arasında 2013-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, Serbiya Prezidentinin 2018-ci ilin mayında Azərbaycana səfəri zamanı imzalanmış Strateji Əməkdaşlığa dair Birgə Fəaliyyət Planı, bu yaxınlarda Belqradda 5-ci iclası keçirilmiş Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır. Ş.Mustafayev ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, İKT sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb, bu sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb.

Serbiya Respublikasının Baş nazirinin müavini, Ticarət, turizm və telekommunikasiya naziri, Hökumətlərarası Komissiyasının həmsədri R.Lyayiç ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, Serbiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə danışıb. Qeyd olunub ki, Serbiya ticarət, investisiya qoyuluşu, turizm, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır.

Sonra İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Serbiyanın Ticarət, Turizm və Telekommunikasiya Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, turizm, tikinti və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən sahibkarlar, eləcə də Serbiya və Azərbaycanın turizm təşkilatlarının nümayəndələri iştirak ediblər.

İqtisadiyyat naziri Ş.Mustafayev Azərbaycan və Serbiya iş adamlarının iştirakı ilə müxtəlif tədbirlərin - biznes forum, işgüzar görüş və s. keçirildiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan-Serbiya Hökmətlərarası Komissiyasının bu ilin dekabrında keçirilmiş 5-ci iclası çərçivəsində də iş adamlarının iştirakı ilə dəyirmi masa təşkil olunub və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib. Azərbaycan sahibkarları Serbiya iş adamları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bugünkü işgüzar görüş də bunun əyani göstəricisidir. Qeyd edilib ki, indiyədək ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb, 2017-ci ildə ticarət dövriyyəsi 36%, 2018-ci ilin yanvar-sentyabr aylarında isə 33% artıb.

Azərbaycan-Serbiya əlaqələrinin infrastruktur, energetika, sənaye, nəqliyyat-tranzit, İKT və digər sahələrdə inkişaf etdiyini qeyd edən Şahin Mustafayev mövcud əməkdaşlığa və əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb. Bildirilib ki, Azərbaycan və Serbiya infrastruktur tikintisi sahəsində uğurla əməkdaşlıq edir. Serbiya Azərbaycanın nəqliyyat-tranzit imkanlarından istifadə edə bilər. Turizm, kənd təsərrüfatı, İKT və digər sahələrdə də əməkdaşlıq imkanları genişdir.

Serbiya Respublikasının Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri R.Lyayic Azərbaycana səfərindən və yerli iş adamlarının iştirakı ilə işgüzar görüşün təşkilindən məmnunluğunu bildirib. Qeyd edilib ki, ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və Serbiya ölkəmizlə iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə böyük önəm verir. İşgüzar dairələrin iştirakı ilə təşkil olunan tədbirlərin əhəmiyyətini qeyd edən Rasim Lyayiç 2019-cu ildə Serbiyada da iş adamlarının iştirakı ilə tədbirlərin keçirilə biləcəyini vurğulayıb. Serbiyaya investisiya qoyuluşu sahəsində tətbiq olunan güzəştlər barədə danışan R.Lyayic Azərbaycan iş adamlarını Serbiyaya investisiya yatırmağa dəvət edib.

Azərbaycan Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizdə turizmin inkişafı, bu sahədə həyata keçirilən strategiya barədə məlumat verib, Azərbaycanda turizmin inkişafına dair təqdimat edilib.

Serbiyanın Ticarət, Turizm və Telekommunikasiya Nazirliyinin dövlət katibi Miroslav Knejeviç ölkəsində turizmin inkişafına, “Soka-Banya” Turizm Təşkilatının direktoru Lyubinka Milenkoviç Soka-Banya turizm bölgəsi, “Park Paliç” MMC-nin direktoru Neboyşa Daraboşa Paliç gölü regionunda turizmin inkişafına dair investisiya proqramlarına, “Rusanda” Xüsusi Xəstəxanasının direktoru Zorisa Çulibrk Rusanda xəstəxanasının fəaliyyətinə və Serbiyada yeni dördulduzlu otelin tikintisinə dair təqdimatlarla çıxış ediblər.

Sonda iş adamlarını maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti