...

Nazirdən PROQNOZ: Gələn il qeyri-neft sənayesi 8,8%, kənd təsərrüfatı 4,8% artacaq

İqtisadiyyat Materials 21 Oktyabr 2019 16:45 (UTC +04:00)
Görülən işlər, möhkəm iqtisadi təməl qarşıdakı 2020-ci ildə inkişafın davamlılığına əsas yaradır.
Nazirdən PROQNOZ: Gələn il qeyri-neft sənayesi 8,8%, kənd təsərrüfatı 4,8% artacaq

Bakı. Trend:

Görülən işlər, möhkəm iqtisadi təməl qarşıdakı 2020-ci ildə inkişafın davamlılığına əsas yaradır. Belə ki, ÜDM-in real artımının 3%, o cümlədən neft sektoru üzrə 1,6%, qeyri-neft sahəsində isə 3,8% təşkil edəcəyi proqnozlaşdırılır. Gələn il qeyri-neft sənayesi 8,8%, kənd təsərrüfatı 4,8% artacaq.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısının tapşırıqlarının icrasına dair geniş kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, xidmətlər sektorunda artımın 3,6%, nəqliyyatda 4,4%, rabitə və informasiyada 8,7%, ticarətdə 4,5%, turizmdə 6% olacağı gözlənilir:

"Proqnozlara görə, 2020-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı 65%-i ötəcək. 2020-ci ildə əsas kapitala investisiya qoyuluşunun 18,3 mlrd. manat təşkil edəcəyi gözlənilir. Bunun 12,2 mlrd. manatı daxili, 6,1 mlrd. manatının isə xarici investisiyaların payına düşəcəyi proqnozlaşdırılır. Eyni zamanda, bu investisiyaların 7,7 mlrd. manatı neft sektoruna, 10,6 mlrd. manatı isə qeyri-neft sektoruna yönəldiləcək. Əsas kapitala yönəldiləcək investisiyaların 11,1 mlrd. manatı və ya 60%-dən çoxu qeyri-dövlət sektoru tərəfindən yatırılacaqdır. İnvestisiyalarda bank sektorunun rolunun artırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, maliyyə dərinliyi (kreditlərin qeyri-neft ÜDM-ə nisbəti) 2014-cü ildəki 51%-dən 2019-cu ilin avqust ayının sonuna 27,8%-ə enib. Qeyri-neft investisiyalarına əsaslanan artımın əldə edilməsi üçün iqtisadi fəaliyyət subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, maliyyə dərinliyinin Strateji Yol Xəritəsində müəyyən olunmuş 60%-ə çatdırılması qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Buna nail olmaq vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti