...

“Çiçəklənən Abşeron” layihəsi Novxanıda (FOTO)

İqtisadiyyat Materials 25 İyun 2020 12:14 (UTC +04:00)
“Çiçəklənən Abşeron” layihəsi Novxanıda (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən birgə həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsindən bu dəfə Abşeron rayonunun Novxanı kəndinin sakinləri yararlanıb.

KOBİA-dan Trend-ə verilən məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Əli Qasımovun iştirakı ilə Novxanı qəsəbəsində yaşayan ailələrə müxtəlif bitkilər (lavanda, bibəriyyə və s.) təqdim edilib. Ümumilikdə layihə çərçivəsində Novxanıda yaşayan 300-ə yaxın ailənin hər birinə 250-1000 arası müxtəlif bitkilərin verilməsi nəzərdə tutulur. Hər bir ailə onun üçün müəyyən edilmiş aylıq vəsait qarşılığında bu bitkilərə qulluq edəcək. Bitkilər 6-12 ay müddətində ailələrdən geri götürüləcək və onların istəyinə uyğun olaraq yeniləri ilə əvəz edilə bilər.

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı mövcud karantin şəraitində “Çiçəklənən Abşeron” layihəsinin əhəmiyyəti ondan ibarətdir ki, ailələr yaşadıqları evləri tərk etmədən, öz həyətyanı sahələrində bitkiləri yetişdirməklə əlavə gəlir əldə edir və ailə büdcələrinə dəstək olurlar.

“Çiçəklənən Abşeron” layihəsinin məqsədi özünüməşğulluğun inkişafına, aztəminatlı ailələrin daha çox gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların artırılmasına, bitkiçiliyin və kənd təsərrüfatı emalının inkişafına töhfə verməkdir. Layihə çərçivəsində becərilən bitkilər hazırda abadlıq işlərində istifadə olunur. Gələcəkdə isə bu bitkilərin emalda, müxtəlif kosmetik və farmaseptik məhsulların və yağların istehsalında istifadə olunması, eləcə də xammal kimi ixracı nəzərdə tutulur.

Ümumilikdə, bu ilin əvvəlindən həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsi çərçivəsində Balaxanı, Zirə və Novxanı qəsəbələri üzrə yaşayan 800-ə yaxın aztəminatlı ailəyə 200 minə yaxın müxtəlif bitkilərin verilməsi nəzərdə tutulub. Çiçəklənən Abşeron layihəsi növbəti mərhələdə Ramana və Şüvələn qəsəbələrində həyata keçiriləcək.

Qeyd edək ki, KOBİA-nın təsis etdiyi “BİRGƏ” MMC ilə “Bakı Abadlıq Xidməti” MMC-nin nəzdində fəaliyyət göstərən “Balaxanı Green Garden” arasında bu ilin aprelində “Çiçəklənən Abşeron” layihəsinin icrasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti