Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əmək, məşğulluq, sosial müdafiə üzrə xidmətlərin elektronlaşdırılmaqla tam şəffaf, operativ və əhaliyə daha əlçatan şəkildə qurulması başlıca prioritetdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə hazırda 26-sı proaktiv olan 53 e-xidmət var ki, aparılan sürətli işlər nəticəsində bu göstərici gələn il 100-ə çatdırılacaq. Bu da qurumun 132 xidmətindən artıq 76%-ə qədərinin elektronlaşması deməkdir.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bildirib. O qeyd edib ki, 26 proaktiv xidmət vasitəsilə bu il 65 min şəxsə e-qaydada pensiya, müavinət, təqaüd təyin edilib. Həmçinin cari il 145 min sığortaolunan e-qaydada qeydiyyata alınıb. Beləliklə, Nazirlik tərəfindən bu il 210 min şəxsə proaktiv xidmətlər göstərilib.
Nazir 22 e-xidmətin hazırlandığını, ilin sonuna kimi 7-sinin işə salınacağını, 25 proaktiv xidmətin də üzərində iş getdiyini deyib. O vurğulayıb ki, yaradılan e-sistemlər həmçinin şəffaflığın tam təminatına nail olmağa imkan verib.
S.Babayev sosial xidmətlər sahəsi üzrə də geniş elektron infrastrukturun - Sosial Xidmətlər üzrə Vahid İnformasiya sisteminin, xidməti kontingentə aid kateqoriyalar üzrə reyestrlərin, “Reabilitasiya” altsisteminin, ona uyğun veb-əsaslı növbəlilik sisteminin, Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sisteminin yaradılması işlərinin davam etdiyini bildirib.
Nazir qeyd edib ki, təkcə bu ay müasir tələblərə uyğun 3 reabilitasiya müəssisəsi açılıb. İlin sonunadək Bakı və bölgələrdə daha 5 belə müəssisə, o cümlədən Şəmkir və Qəbələdə uşaq reabilitasiya mərkəzləri istifadəyə veriləcək.
Eyni zamanda, əsas vəzifələrdən biri - bu müəssisələrdə əlilliyi olan şəxslərə onların məmnun qala biləcəyi səmərəli, müasir tələblərə uyğun keyfiyyətli xidmətlər göstərilməsidir. Ona görə də reabilitasiya müəssisələrinin kadr potensialı bu prinsip əsasında formalaşmalıdır.
S.Babayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası sahəsində işlərin müsbət nəticələrini qeyd edib. Əmək müqavilələrinin sayında artım dinamikasının davam etdiyini, cari ilin 7 ayında bu sayda 120 min, habelə əməkhaqqı fondunda önəmli artımın olduğunu deyib.
İclasda əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi və keyfiyyətinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planının icrası, elektronlaşma proqramının genişləndirilməsi sahəsində aparılan işlər barədə çıxışlar dinlənilib. “Əməyin Mühafizəsi Mərkəzi Publik Hüquqi Şəxsin Nizamnaməsi”nin və “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nın təsdiq edilməsi məsələləri müzakirə edilib.